Bakı. Pərviz Nuriyev – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Takao Makinonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
“APA-Economics”in xəbərinə görə, görüşdə nazir Əli Abbasov ölkələrimiz arasındakı əlaqələrin inkişafında müsbət dinamikanın davam etdiyini bildirib.
Azərbaycanın iqtisadi inkişaf planlarında iqtisadiyyatın diversifikasiyası baxımımdan İKT, xüsusən yüksək texnologiyalar sahəsinə geniş yer ayrıldığını deyən nazir liberal bazar iqtisadiyyatının təmin olunması istiqamətində hökumətin atdığı addımlardan, o cümlədən yaradılan cəlbedici, azad, əlverişli biznes mühiti, xarici investorların cəlbi üçün imkanların genişləndirilməsindən söz açıb. Belə bir mühitdə digər ölkələr kimi, Yaponiya şirkətlərinin də ölkəmizdə fəaliyyətini genişləndirməkdə maraqlı olduqlarını vurğulayan nazir ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün kosmik texnologiyalar, nanotexnologiyalar və mikroelektronika, rəqəmli infrastrukturun yaradılması kimi üç əsas istiqamətə diqqət verildiyini qeyd edib.
Əlaqələrin intensivləşməsində qarşılıqlı səfərlərin önəminə diqqət çəkən T Makino da İKT, yüksək texnologiyalar istiqamətləri üzrə Azərbaycan-Yaponiya münasibətlərinin növbəti inkişaf mərhələsinə qədəm qoymasında Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfərinin müsbət rolu olduğunu vurğulayıb.
Hökumətlərarası sazişin bağlanması üzrə İşçi Qrup səviyyəsində aparılan hazırlıq işlərinə də toxunan yaponiyalı diplomat gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və inkişafı üçün böyük perspektivlərin olduğunu qeyd edib.
İKT və yüksək texnologiyalar sahəsi üzrə Azərbaycanın böyük layihələrində yapon şirkətlərinin iştirakının sevindirici hal olduğunu da nəzərə çatdıran Takao Makino qarşılıqlı əlaqələrin daha da güclənəcəyinə əminliyini bildirib.