Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasını həyata keçirən müəssisələrin laboratoriyalarının, habelə sınaq laboratoriyalarının akkreditasiyası Qaydaları”nı təsdiq edib.
APA-nın verdiyi məlumata görə, laboratoriyaların akkreditasiyası ərizəçinin (fiziki və ya hüquqi şəxslər) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinə (bundan sonra - Akkreditasiya üzrə Milli Orqan) ərizə ilə yazılı və ya elektron formada müraciəti əsasında aparılacaq.
Akkreditasiya olunmaq üçün müraciət etmiş laboratoriya “AZS ISO/IEC 17025:2009 “Sınaq və Kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartının tələblərinə cavab verməlidir. Akkreditasiya üzrə Milli Orqan 30 gün müddətində müraciəti araşdıraraq yekun qərar qəbul edir, təqdim edilmiş sənədlər əsasında laboratoriyanın standartın tələblərinə uyğunluğunu yerində qiymətləndirir. Akkreditasiya olunmaq üçün müraciət etmiş laboratoriyanın standartın tələblərinə cavab verməməsi akkreditasiyadan imtina üçün əsasdır. Laboratoriya standartın tələblərinə cavab verdiyi halda, Akkreditasiya üzrə Milli Orqan akkreditasiya haqqında qərar qəbul edir və akkreditasiya barədə attestatı tərtib edir. Akkreditasiya barədə attestata əlavə olaraq akkreditasiya sahəsinin müəyyən edilməsi haqqında sənəd tərtib olunur. Akkreditasiya sahəsinin müəyyən edilməsi haqqında sənəddə laboratoriyanın akkreditasiya sahəsinə aid olan məhsullar, sınaq növləri göstərilməlidir. Akkreditasiya barədə attestatın verilməsi haqqında qərar qəbul edildiyi gündən etibarən 7 gün ərzində Akkreditasiya üzrə Milli Orqan akkreditasiya barədə attestatı ərizəçiyə təqdim etməlidir. Akkreditasiya barədə attestatı və akkreditasiya sahəsinin müəyyən edilməsi haqqında sənədi 7 gün ərzində təqdim etmək mümkün olmadıqda, həmin sənədlər dərhal poçt vasitəsilə ərizəçiyə göndərilir.
Akkreditasiya barədə attestat 4 il müddətində etibarlıdır. Akkreditasiyanın aparılması üzrə xərclər ərizəçi tərəfindən ödənilir. Akkreditasiya üzrə Milli Orqanın qanunsuz hərəkətləri ərizəçinin xərclərinin yaranmasına səbəb olarsa, xərclər Akkreditasiya üzrə Milli Orqan tərəfindən ödənilir. Ərizəçi Akkreditasiya üzrə Milli Orqanın vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.