Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Mənzil Məcəlləsinin və mənzil-kommunal sahəsində qəbul olunmuş normativ-hüquqi aktların müddəalarının təbliği, formalaşmaqda olan yeni münasibətlərə dair maarifləndirmə işlərinin aparılması, o cümlədən çoxmənzilli binaların yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görülən işlər çərçivəsində Yasamal rayonu Naxçıvani küçəsi, 14 ünvanındakı 16 mərtəbəli 102 mənzilli yeni tikilmiş binanın sahə mülkiyyətçiləri ilə görüşlər keçirilib, binada Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin (MMMC) yaradılması ilə bağlı mənzil mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi, təşkilatın nizamnaməsinin və digər zəruri təsis sənədlərinin hazırlanmasına köməklik göstərilib. Bunun nəticəsi olaraq, həmin ünvanda ölkədə növbəti MMMC yaradılıb, “Yasamal-2” MMMC adı ilə dövlət qeydiyyatına alınıb.
Hazırda nazirlik tərəfindən Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq Bakı şəhəri üzrə iyirmiyə yaxın çoxmənzilli binada yeni idarəetmə üsullarının tətbiq edilməsi istiqamətində sahə mülkiyyətçiləri ilə mütəmadi görüşlər keçirilir, yeni idarəetmə üsullarının üstünlükləri haqqında məlumatlar verilir, mənzil mülkiyyətçilərinin ümumi yığıncaqlarının keçirilməsində və müvafiq təsis sənədlərinin hazırlanmasında, həmçinin digər təşkilati məsələlərdə dəstək göstərilir.