Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin birinci rübü ərzində əlillik təyinatı və tibbi-sosial reabilitasiya məsələləri ilə bağlı vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - “Qaynar xətt”inə edilən müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 68% azalaraq 115-ə enib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumatında bildirilir ki, məşğulluq məsələləri üzrə müraciətlərin sayı 50% azalaraq 40-a, əmək hüquqlarının təminatı məsələləri üzrə müraciətlərin sayı 63,5% azalaraq 42-ə düşüb.
Hesabat dövründə ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə “Qaynar xətt”ə 1 069 müraciət daxil olub ki, bu da ötən ilin ilk rübündə olduğundan 25% azdır.
“Qaynar xətt”ə daxil olan müraciətlərin ümumi sayında isə azalma 36,1% təşkil edib. Müraciətlərin əksər qismi sorğu xarakteri daşıyıb və hər bir müraciət nazirliyin aidiyyatı mütəxəssislərinin iştirakı ilə obyektiv araşdırılaraq müvafiq tədbirlər görülüb.