Komitədən “APA-Economics”ə verilən məlumata görə, bu aydan etibarən əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, o cümlədən yaşayış yeri uzaqda yerləşən, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşların öz əmlakları üzərində hüquqlarını qeydiyyatdan keçirmək üçün əmlak qeydiyyatı idarələrinə getmələrinə artıq ehtiyac olmayacaq. Bu məqsədlə, komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən yeni xüsusi nəqliyyat vasitələri də alınıb.
İlk belə xidmətlərdən daxil olan müraciətlər əsasında Sumqayıt şəhərinin sakinləri faydalanıb. Belə ki, aprel ayında Sumqayıt şəhərində sakinlər üçün yaşayış ünvanlarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xüsusi nəqliyyat vasitəsində qeydiyyat xidmətləri göstərilməyə başlanılıb.
Ünvanlarda göstərilən xidmətlərə daşınmaz əmlakın qeydiyyatı üçün sənədlərin qəbulu, həmin sənədlərin qanunauyğunluğunun yerindəcə yoxlanılması, növbəti prosedurlar barədə ətraflı məlumatın çatdırılması və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara zəruri hüquqi məsləhətlərin verilməsi aiddir. Vətəndaşlar təyin olunmuş nəqliyyat vasitəsində zəruri sənədləri xüsusi nümayəndəyə təqdim edir. Nümayəndə sənədləri yoxlamaqla, müvafiq istiqamət və məsləhətləri verməklə vətəndaşa yerindəcə xidmət göstərir.
Qeyd edək ki, ünvanlarda qeydiyyat xidmətlərinin göstərilməsini təmin edən xüsusi nəqliyyat vasitələri müasir informasiya-kommunikasiya sistemi və yeni avadanlıqlarla (həmçinin müasir telefon-rabitə cihazları, sürətli internetə çıxış vasitələri və s.) təchiz edilib. Bu da əhaliyə xidmətlərin müasir üsullarla, çevik və rahat şəkildə göstərilməsini təmin edir. Bu nəqliyyat vasitələrinin köməkliyi ilə Bakı və respublikanın regionlarında yaşayan vətəndaşlara və əmlak sahiblərinə yerindəcə qeydiyyat xidmətləri göstərilir. Qarşıdakı dövrdə qeyd olunan nəqliyyat vasitələrinin sayı artırılacaqdır.
Komitə tərəfindən belə xidmətlərin daxil olan müraciətlər əsasında aprel ayında Bakı, Gəncə və Yevlax şəhərləri, Abşeron və Xaçmaz rayonlarında da təşkili nəzərdə tutulur. Növbəti aylarda da belə xidmətlərin Bakı və regionlar üzrə təşkili davam etdiriləcək.