Bakı. Musa Əhmədov – APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransanın “Air Liquide Group VP” şirkətinin vitse-prezidenti Kristof Fonteyni qəbul etib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Fransa arasında iqtisadi əlaqələrin genişləndiyini, fransız şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiyini qeyd etib. 2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edildiyini diqqətə çatdıran nazir ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən sənayenin inkişafının prioritet istiqamətlərdən olduğunu vurğulayıb.
Qurum rəhbəri bildirib ki, hazırda Azərbaycanda sənayenin müxtəlif istiqamətləri üzrə müasir texnologiyalara əsaslanan müəssisələr fəaliyyət göstərir və belə müəssisələrin yaradılması istiqamətində işlər davam etdirilir. Bundan başqa, ölkəmizdə bir sıra sənaye parkları yaradılır, eləcə də Sumqayıt Kimya Sənaye Parkının təşkili istiqamətində müvafiq işlər həyata keçirilir. Ş. Mustafayev əlavə edib ki, Sumqayıt Kimya Sənaye Parkında investorlar üçün əlverişli sərmayə mühiti yaradılıb və bir sıra güzəşt mexanizmləri tətbiq edilir.
K. Fonteyn təmsil etdiyi şirkətin sənaye qazlarının istehsalı sahəsində ixtisaslaşdığını vurğulayıb və bildirib ki, dünyanın 80 ölkəsində fəaliyyət göstərən şirkət Azərbaycanla əməkdaşlığa, eləcə də ölkəmizdə yaradılan sənaye parklarına maraq göstərir.