Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərdə sərnişindaşıma ilə məşğul olan şirkətlərin rəhbərlərinə xəbərdarlıq edib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, icra başçısı qeyd edib ki, Gəncədə sərnişindaşıma ilə məşğul olan şirkətlər ilin sonuna kimi nəqliyyat parklarını tam yeniləməsələr, şəhərə bu sahədə işləyən başqa şirkətlər cəlb ediləcək.
Onun sözlərinə görə, artıq şəhərdə bütün sahələrdə gedən inkişaf nəqliyyat sahəsində də özünü göstərməlidir: “Gəncə qədimliyini qorumaqla müasir görkəm alır. Günü-gündən inkişaf edən Gəncə 2016-cı ildə Avropanın gənclər paytaxtı olacaq. Ona görə də şəhərin nəqliyyat sistemi də müasir tələblərə cavab verməlidir. Bu ilin sonuna kimi əgər köhnə nəqliyyat vasitələri yeniləri ilə əvəz olunmasa, sərnişindaşıma ilə məşğul olan yeni şirkətlər bu işə cəlb oluna bilər”.
E.Vəliyev bildirib ki, Gəncəyə 300 avtobus və 500 taksi gətirməyə hazır olan şirkət var: “Lakin yerli sərnişin daşıyan şirkətlərə üstünlük verilib. Bu səbəbdən onların parklarını tez bir zamanda yeniləməsinə zərurət yaranıb”.
Qeyd edək ki, Gəncədə sərnişindaşıma ilə iki yerli şirkət məşğul olur. Onların tabeliyində olan kiçik və orta tutumlu avtobusların müəyyən hissəsi yenilənsə də, bu iş tam başa çatmayıb.