Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) elan etdiyi I qrant müsabiqəsi çərçivəsində E-qrant sisteminin təqdimatı və layihələrin təqdim olunması qaydaları ilə əlaqədar məlumat sessiyası keçirilib.
“APA-Economics”in xəbərinə görə, tədbirdə İKT sahəsi üzrə ixtisaslaşmış kiçik və orta sahibkarlıq subyektlərinin nümayəndələri iştirak edib.
Qeyd edək ki, bu tədbirin keçirilməsində əsas məqsəd layihələrin təqdim olunması ilə bağlı sahibkarları prosedur qaydaları üzrə məlumatlandırmaq və onları maraqlandıran sualları cavablandırmaq olub. Fond İKT sahəsində fəaliyyətin stimullaşdırılmasını, bu sahədə innovasiyaların tətbiqini, habelə tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsini maliyyə dəstəyi ilə təmin edir.
Müsabiqədə iştirak etmək üçün fondun rəsmi internet səhifəsində daxil olaraq E-qrant bölməsində qeydiyyatdan keçərək, layihələri təqdim etmək olar.
Fondun icraçı direktorun müavini Azər Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, bu, elan olunan ilk qrant müsabiqədir: “Ölkəmizdə çox gənc vardır ki, onların maraqlı ideyaları var, lakin maliyyə vəsaitlərinə ehtiyac duyurlar. Bu müsabiqədə iştirak etməklə, gənclər öz gələcəklərinə investisiya yatırırlar. Ümumiyyətlə, bu Azərbaycanda ilk təcrübədir ki, sahibkarlara qrant verilir. Qeyd edim ki, layihələr üzrə qrantlar 3 qrupa bölünür. Kiçik qrantlar 10 000-dən 100 000, orta qrantlar 100 000-dən 200 000-ə, böyük qrantlar isə 200 000-dən 300 000 manatdan ibarətdir. Kiçik və orta qrantlar 24 ay, böyük qrantlar isə 36 aya qədər icra olunmalıdırlar”.
A. Bayramov əlavə edib ki, layihələr təqdim olunduqdan sonra, fondda ilkin ekspertiza olacaq. Bundan sonra fond müstəqil ekspertlərlə imzaladığı müqavilələrə əsasən, onları bu qiymətləndirmə prosesinə cəlb edəcək.
“Qiymətləndirmə prosesi maksimum şəffaf və obyektiv şəkildə həyata keçiriləcək. Mütəxəssislərin rəyi əsasında seçilən layihələr Fondun Müşahidə Şurasına təqdim olunacaq. Artıq burada hansı layihələrin uğur qazandığı müəyyən olunacaq”, - deyə A. Bayramov bildirib.
Qeyd edək ki, İTİDF aprelin 2-dən I qrant müsabiqəsini elan etdiyi vaxtdan indiyədək quruma 30-a yaxın layihə təqdim olunub.
İnnovativ və elmi-texniki İKT layihələrin qəbulu mayın 2-dək davam edəcək.