Bakı. Aynur Əliyeva – APA-Economics. Moskvada (Rusiya) V «Transport Networks & Carrier Cloud» beynəlxalq konfransı keçirilib. Magistral şəbəkələr və «bulud» daşıyıcıları mövzusuna həsr olunmuş konfransda bir neçə istiqamət üzrə gündəmdə olan aktual məsələlər müzakirə edilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə magistral şəbəkələrin inşası, müştərək magistral şəbəkələrin inşası və istismarı, sadələşdirilmiş virtual gələcəyi müəyyən edən proqramlaşdırılma, 100G şəbəkələrinin irimiqyaslı inşaatı kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Beynəlxalq konfransda Rusiyanın telekommunikasiya sahəsində «Beeline», MTS kimi nəhəng şirkətləri ilə yanaşı, TASİM layihəsi üzrə tərəfdaş olan «Rostelecom» şirkəti də iştirak edib.
Tədbir zamanı Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin direktoru Zaur Həsənov çıxış edib. «Tranzit marşrutundan «Tier-1» şəbəkəyədək TASİM layihəsinin təcrübəsi» başlıqlı çıxışında Z.Həsənov TASİM layihəsinin reallaşdırılmasının strateji xarakter daşıdığını, xüsusilə dövlətin Avrasiyada yerləşdiyi nəzərə alınarsa, TASİM-in Avropa və Asiya arasında ən qısa və sərfəli marşrutlardan biri olduğunu vurğulayıb.
Eyni zamanda konfransda müasir müştərək şəbəkələrin inşası və istismarı sahəsində mövcud suallar və problemlər barədə TASİM Katibliyi ilə dünyanın aparıcı şirkətləri arasında fikir mübadiləsi aparılıb.