Bank Of Baku

Orta Asiyanın Dubayı - Astana sərgiyə necə hazırlaşır?

Orta Asiyanın Dubayı - Astana sərgiyə necə hazırlaşır?
# 05 dekabr 2016 12:38 (UTC +04:00)

Orta Asiyanın Dubayı - Astana

Dünyada 3 paytaxt şəhər var ki, bu şəhərlərin adları həmin dövlətin dilindən tərcümədə elə “paytaxt” deməkdir. Bu şəhərlərdən biri Pekin (Běijīng), digəri Seul, üçüncüsü isə Astanadır. Astana həmçinin dünyanın ən gənc şəhəri və ən gənc paytaxtıdır. Gələn il bütün dünyanın gözü və diqqəti cəmi 19 yaşı olan bu şəhərdə olacaq. Buna səbəb isə orada “Astana Ekspo-2017” beynəlxalq sərgisinin keçirilməsidir. Sərgi gələn ilin iyunun 10-da başlayacaq və sentyabrın 10-na qədər davam edəcək. Bu münasibətlə sərginin təşkilatçısı olan “Astana Ekspo-2017” Dövlət Şirkəti” SC MDB-nin 6 ölkəsindən olan media nümayəndələrini Qazaxıstana səfərə aparıb və orada sərgi ilə bağlı görülən hazırlıq işlərini yaxından izləməyə imkan yaradıb. Astanaya gedən və orada baş tutacaq tarixi hadisənin hazırlıqlarını izləyən Azərbaycan mətbuatının 6 nümayəndəsi arasında “APA-Economics”in əməkdaşı da olub.

 

Şüşədən salınmış şəhər

 

Biz Astanaya yola düşəndə Bakıda +8 dərəcə isti var idi. Təyyarə hava limanında yerə enəndə Astana vaxtı ilə səhər saat 5 idi. Bakıda isə saat gecə 3-ü göstərirdi. Küçədə Azərbaycanda tarix boyu görünməmiş bir şaxta vardı  -37 dərəcə. Bu temperatur Arktika şaxtasından cəmi 3-4 dərəcə yüksək idi. Nə qədər qalın geyinsən də, şaxta adamın lap sümüklərinə işləyirdi. Bakıdan fərqli olaraq Astanada hava soyuq olsa da külək əsmir.

 

Hava qaranlıq olduğundan və uçuşdan sonra bir az yorğun olduğumuzdan, bizim üçün xüsusi ayrılmış avtobusla mehmanxanaya qədər uzanan yolda şəhəri seyr etmədik. Düşünürdüm ki, Astana da Orta Asiyanın adi şəhərlərindən biridir və burada son zamanlar yeni binaları ilə bəzənmiş Bakıdan yaxşı heç nə görə bilməyəcəyik. Amma mən yanılırmışam...

 

Səhər tezdən mehmanxananın pəncərəsindən baxanda nə qədər yanıldığımın fərqinə vardım - gözümün önündə füsunkar bir şəhər görünürdü. Özümü heç vaxt olmadığım, amma televiziyada gördüyüm Dubayda hiss etdim. Orta Asiyanın Dubayında. Nağıllarda olduğu kimi, sanki şüşədən tikilmiş bir şəhərdə idim. Şüşədən inşa olunmuş bu şəhər cəmi 19 ilə yaradılıb və buradakı heç bir bina bir-birinə heç nəyi ilə bənzəmir.

 

Alışqan, dollar və çəllək formasında binalar

 

Təşkilatçılar əsl qonaqpərvərliklərini nümayiş etdirərək bizə ilk növbədə şəhərlərinin bütün gəzməli-görməli yerlərini nümayiş etdirdilər. Cəmi 1 mln. sakini olan, qonaqlı-qaralı 1,2 mln. nəfərə çatan Astananın küçələrinin genişliyi adamı valeh edir. Burada adi bir küçə belə prospekt enindədir. Maşınların azlığı və səssizlikdən elə bilirsən ki,  şəhərdə heç kim yaşamır. Hətta bəzən buranın dünyanın miqyasına görə 9-cu ən böyük ölkəsinin paytaxtı olduğunu da unudursan.

 

Astananın içindən keçən İşım çayı şəhəri iki yerə ayırır – sağ və sol sahillərə. Yeni şəhər isə bir zamanlar düzənlik olan sağ sahildə tikilərək inşa edilib. Keçmiş SSRİ dövründə Tselenoqrad adlanıb, Qazaxıstan müstəqillik qazandıqdan sonra Akmola adlanan şəhər, 1997-ci ildə yenidən adını dəyişib. Yeni paytaxt Almatıdan bu şəhərə köçürülərək, Astana, yəni paytaxt adlandırılıb. Sol qolu isə, yəni köhnə Astanada Sovetlər İttifaqı dövründə tikilən beşmərtəbəli evlər çoxluq təşkil edir. Ara-sıra sol sahildə də yeni inşa olunmuş şüşəli binalara rast gəlmək olur ki, bu tikililər köhnələrdən dərhal seçilir.

Kəskin şaxta olduğundan biz orada olan zaman İşım çayı donmuşdu və buz qatının qalınlığı yerli sakinlərə inansaq, 60-70 santimetri keçmişdi. Donmuş çay üzərində isə kimi konki sürür, kimisi də balıq tuturdu. İşəm çayının üzərindən ümumilikdə 4 körpü tikilib ki, bu körpülərlə sağdan sola və əks istiqamətdə avtomobillər şütüyürdü.

 

Şəhərin arxitekturası da insana çox xoş gəlir. Maraqlı cəhət isə odur ki, burada yerləşən hər bir binanın sadə xalq arasında öz adı var. Misal üçün, Qazaxıstanın Mərkəzi Bankının binası uzaqdan dalğalanan bayraq formasında tikilib. Amma nədənsə sadə xalq onu “dollar” adlandırır. Ölkənin Nəqliyyat Nazirliyinin binası da möhtəşəmliyi ilə seçilir. Bu bina uzaqdan alışqanı xatırlatdığından, sadə astanalılar onu elə “alışqan bina” da adlandırır.  Ölkənin Milli Arxiv İdarəsinin binası yumurta formasında tikilib. Bu bina şəhərə xüsusi yaraşıq verir. Astanada bir neçə bina çəllək formasında tikilib. Bu da Qazaxıstanın neft ölkəsi olduğuna işarə edir.

 

Qazaxıstan prezidentinin iqamətgahı, iki binadan ibarət parlament binası da arxitekturasına görə seçilən binalardandır. Bilməyənlər üçün deyək ki, Qazaxıstan parlamenti – Majilis  - iki senatdan, yuxarı və aşağı senatlardan ibarətdir. Qazaxıstan hökumət binası , yəni bu ölkənin əksər dövlət qurumlarının və nazirliklərinin yerləşdiyi binanın uzunluğu 500 metr təşkil edir.

 

Nazarbayevin əli və arzular...

 

Təbii ki, Astana dedikdə ilk olaraq Bayterek abidəsi yada düşür. Burada demək olar ki, bütün suvenirlərin üzərində də elə Bayeterek abidəsinin şəkli çəkilib. Hündürlüyü 105 metr olan bu binanın qeyri-adi görünüşü var. Abidənin üzərində isə dünyanın, bəziləri üçünsə günəşi simvolizə edən bir dairə var.

 

Bayterek abidəsinə qalxdıqda bütün Astananı quş uçuşu hündürlüyündən görmək mümkündür. Necə deyərlər, buradan Astananın sağını və solunu seyr etmək imkanı var və şəhər sanki əlinin içinə yerləşir.

 

Bayterek abidəsinin 97 metr hündürlüyündə ölkənin ilk və hazırkı prezidenti Nursultan Nazarbayevin əlinin simvolik eskizi var. Bu eskizin binanın 97-ci metrliyində yerləşməsinin bir səbəbi var. Bu, 1997-ci ildə Astananın Qazaxıstanın paytaxtı elan olunması ilə bağlıdır. Nazarbayevin əlinin eskizinə gəldikdə, Bayterek abidəsini ziyarət edən hər bir ziyarətçi öz əlini onun eskiz əlinin içinə qoyaraq arzu tutur. Bu, həm də Qazaxıstanın dövlət başçısına salam vermək kimi də qəbul olunur.

 

Təbii ki, Astanaya gedib orada Həzrət Sultan məscidini ziyarət etməmək mümkün deyil. Həzrət Sultan məscidi Qazaxıstanın ən böyük məscidi hesab olunur. Bu məscid gözəlliyi və möhtəşəmliyi ilə seçilməklə bərabər, Orta Asiyanın ikinci ən böyük məscididir. Məsciddə XII əsrin Qurani-Kərimi də saxlanılır, məscidə ibadətə və ziyarətə gələnlərə nümayiş etdirilir.

 

Azərbaycan “Asta Exspo-2017” sərgisində

 

Səfərin əsas məqsədi sərgiyə hazırlıqla bağlı görülən işlərlə tanış olmaq idi. Bu qədər media mənsubunu bu qarlı-şaxtalı havada məhz bunun üçün Astanaya dəvət ediblər. Qazaxlar media nümayəndələrinə bu günə qədər gördükləri işlərin hesabatını verdilər desək, yanılmarıq.

 

Sərginin keçiriləcəyi məkanda hər şey yenidən qurulub. Sərgi zalı 8 mərtəbədən ibarət olan binada yerləşəcək ki, birinci mərtəbədə 403,30 m2 ərazidə Azərbaycan pavilyonu yer alacaq. Bu da sərgi təşkilatçılarının Azərbaycana olan müsbət mövqeyinin nümayişidir. Azərbaycan pavilyonun qonşuluğunda isə qardaş Türkiyənin pavilyonu qərarlaşacaq.

 

Sərginin keçirildiyi binanın girişində isə artıq iştirakı rəsmən təsdiqlənmiş ölkələrin bayraqları asılıb. Bu sərgidə iştirakını ilk təsdiqləyənlərdən biri Azərbaycan olduğu üçün üçrəngli, ayparalı bayrağı burada görmək insan qürur verir.

 

Qazaxıstan hökuməti sərgi iştirakçıları üçün xüsusi şəhərcik də inşa edib. Bir neçə möhtəşəm binadan ibarət şəhərcikdə yerləşən hər bir otaqda 4-6 nəfər sərgi iştirakçı məskunlaşa biləcək.

 

Təbii ki, Qazaxıstanın pavilyonu ziyarətçilərin əsas marağına səbəb olacaq. Bu pavilyon iri şüşə dairədən ibarət binadır. Maraqlıdır ki, bu pavilyon Astananın hər yerindən görünür. Əminliklə demək olar ki, şüşə dairə formasında olan bu iri bina müasirliyi və qeyri-adiliyinə görə gələcəkdə Astananın rəmzinə və hər bir astanalının qürur mənbəyinə çevriləcək.

 

3 milyard dollardan 1 milyardı xərclənib

 

“Astan-Ekspo-2017” Dövlət Şirkətinin İdarə Heyətinin sədri Axmetjan Yesimov  jurnalistlər üçün təşkil olunan brifinqdə bildirib ki, hazırda “Astana Ekspo-2017” sərgisinə hazırlıqlarla bağlı aktiv işlər görülür. Onun sözlərinə görə, bütün dünya üzrə bu sərgiyə olduqca böyük maraq var. Bu maraq isə sərginin əsas mövzusu olan “Gələcəyin enerjisi” – alternativ enerji ilə bağlıdır: “Hazırda bütün dünya üzrə alternativ enerji mənbələrinin tətbiqi üçün bu sektora ümumilikdə 350 milyard dollara yaxın vəsait yatırılıb. Hazırda Kosta-Rikanın enerji təminatının 90 faizi alternativ və bərpa olunan enerjinin hesabına ödənilir”.

 

A. Yesimov deyib ki, artıq 106 ölkə “Asta-Ekspo-2017” beynəlxalq sərgisində iştirak edəcəyini rəsmən bəyan edib: “Biz bu sərgidə 110 ölkənin iştirakını gözləyirik”.

Dövlət Şirkətinin rəhbəri deyib ki, “Astana Ekspo-2017” sərgisi bütün dünyada hökm sürən böhran zamanı Qazaxıstan üçün antiböhran layihəsi olub: “Bu layihənin ideyası böhrandan əvvəl yaranıb. Bu layihənin sayəsində biz 80 min yeni iş yerinin açılmasına nail olmuşuq”.

 

Maliyyə durumundan danışan A. Yesimov qeyd edib ki, ümumilikdə 93 gün müddətində baş tutacaq sərgiyə 3 milyard dollara yaxın vəsaitin xərclənməsi nəzərdə tutulub: “İndiyə qədər 1 milyard dollardan çox vəsait sərf edilib. Gələcəkdə də həyata keçiriləcək layihələrin maliyyələşməsində heç bir problem yoxdur”.

 

Sərgi təşkilatçısı bütün sərgi boyu əsas prioritetə, təhlükəsizliyə böyük önəm verildiyini qeyd edib: “Təhlükəsizlik məsələsi bizim üçün çox önəmlidir. Bununla bağlı bir neçə komissiya yaradılıb. Təhlükəsizliyin təmini üçün ən son texnologiyalara əsaslanan müasir vasitələrdən istifadə olunacaq”.

 

Təbii ki, hər kəsi bir sual maraqlandırır- 93 gündən, yəni “Asta Ekspo-2017” sərgisi tam yekunlaşdıqdan sonra qurulan infrastruktur, tikilən yeni binalar necə istifadə olunacaq? A. Yesimov bu sualı da cavablandırıb. O bildirib ki, gələcəkdə də bu obyektləri və bura yatırılan vəsaitin özünü doğrultmasına çalışacaqlar. İnşa olunan binaların əksəriyyəti sonradan konsert və konfrans zalları kimi istifadə olunacaq. Təbii ki, bu müddətdə “Astana Ekspo-2017” sərgisini ziyarət edə bilməyənlər üçün bu gün qurulan infrastruktur “Enerji muzeyi” kimi də istifadə olunacaq.  

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR