"Gədəbəyin Söyüdlü kəndində sonuncu hadisə ilə bağlı araşdırma aparmışıq. Həm şirkət tərəfindən, həm yerli sakinlər tərəfindən torpaqların zəbt olunması və ya örtük qatına ziyan vurulması ilə bağlı müraciət olmadığı üçün hər hansı bir tərəfi günahladıra bilmərik".
Bunu "APA"ya açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.
O bildirib ki, 2017-2023-cü illər ərzində Söyüdlü bələdiyyəsi üzrə vətəndaşlardan cəmi dörd müraciət daxil olub. Bələdiyyə torpaqları olduğu üçün müsabiqə yolu ilə vətəndaşlara torpaq ayrılıb. Yəni, icra edilməmiş müraciət yoxdur.
"1997-ci ildə imzalanan müqaviləyə əsasən, 30 min hektar ərazi şirkətin müstəsna hüquqi olan ərazidir. Onun 28 min hektarı Gədəbəy rayonunun ərazisinə aiddir. Ərazidə qanunla müəyyən edilmiş fəaliyyət növü mədənçilikdir. Şirkət də burada mədənçilikdən başqa bir fəaliyyət göstərməyib" - deyə, Xidmət rəisi əlavə edib.
Xatırladaq ki, sözügedən şirkət “Anglo-Asian Mining PLC” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir.
Şirkətin adı son dövrlər Söyüdlü kəndində “Gədəbəy” yatağından qızıl hasilatı və emalı müəssisəsinin çirkab suları üçün ikinci süni gölün yaradılmasına etirazlarla bağlı hallanmışdı. Prezident İlham Əliyev iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bununla bağlı baş verənləri “qəbuledilməz” adlandırmışdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyini tənqid edib və bildirmişdi ki, ikinci tullantı gölünün qurulması ciddi araşdırılmalıdır.
Rahim Tarıverdiyev