Azərbaycan səfiri Bosniya və Herseqovina rəsmiləri ilə görüşüb

Azərbaycan səfiri Bosniya və Herseqovina rəsmiləri ilə görüşüb
# 20 sentyabr 2016 10:36 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov bu ölkənin Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç, xarici işlər naziri İqor Tsrnadak, energetika naziri Nermin Cinciç, “Bosniya və Herseqovinanın Daha Yaxşı Gələcəyi naminə Birlik” Partiyasının (SBB Partiyası) sədri Fahrudin Radonçiçlə görüşlər keçirib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, B. İzetbeqoviçlə görüş zamanı E. Həsənov Azərbaycanla Bosniya və Herseqovina arasında qarşılıqlı maraq doğuran ikitərəfli və beynəlxalq məsələləri müzakirə edib, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hazırkı durum barədə qarşı tərəfə ətraflı məlumat verib.

İ. Tsrnadakla görüşdə isə Azərbaycan ilə Bosniya və Herseqovina arasında mövcud dostluq münasibətlərinin daha da dərinləşdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı səfərlərin təşkili, iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi və viza məsələlərinə dair müzakirələr aparılıb.

F. Radonçiç və bu partiyanın üzvü N. Cinciçlə görüşdə sonuncunun xahişi ilə Azərbaycanın “AzVirt” şirkətinin Avropa üzrə əlaqələndiricisi M. Türkoğlu da iştirak edib. Görüş zamanı N.Cinciç hökumətin ölkədə həyata keçirməyi planlaşdırdığı və tenderə çıxaracağı “5C nəqliyyat dəhlizi”, habelə Tuzla və Kakan şəhərlərində istilik enerjisi layihələri barədə məlumat verib. O, bu sahələrdə təcrübəsi olan Azərbaycan şirkətlərini, o cümlədən Balkanlarda öz işinin keyfiyyəti ilə tanınan “AzVirt”i Çin və Avropa təsisatları tərəfindən maliyyələşdirilməsi planlaşdırılan və ümumi dəyəri 1 milyard avro olan bu layihələrlə bağlı tenderdə iştiraka dəvət edib.

Səfir E.Həsənov isə Azərbaycan şirkətlərinə göstərilən etimada və dəvətə görə təşəkkürünü bildirib, dəvətin Azərbaycanın aidiyyəti qurumlarına çatdırılacağını söyləyib. Eyni zamanda ölkəmizin iştirak etdiyi enerji layihələri – “Cənub Qaz Dəhlizi”, onun tərkib hissələri olan TANAP və TAP barədə qarşı tərəfə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR