İsrailin baş naziri Con Kerrinin tənqidinə sərt cavab verib

İsrailin baş naziri Con Kerrinin tənqidinə sərt cavab verib
# 28 dekabr 2016 22:26 (UTC +04:00)

İsrail münaqişənin həllini fələstinlilərlə birbaşa danışıqlarda görür və xarici liderlərin mühazirələrinə ehtiyac duymur.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Con Kerrinin tənqidinə cavab olaraq bəyan edib.

“İsraillilərin xarici ölkə liderlərinin sülhün əhəmiyyəti barədə mühazirələrinə ehtiyacı yoxdur. İsrail ilk gündən qonşularına sülh təklif edərək əlini uzadıb. Minlərlə İsrail ailəsi sülh naminə qurban verib, o cümlədən mənim ailəm”, deyə B. Netanyahu bildirib.

Onun sözlərinə görə, heç kəs İsrail xalqı kimi sülhü istəmir: “Biz münaqişənin birbaşa danışıqlar yolu ilə həllinə sadiq olaraq qalırıq. Misir və İordaniya ilə olduğu kimi. Bu siyasət daim həm İsrail, həm də ABŞ tərəfindən aparılıb”.

Bundan əvvəl ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, Qüds həm İsrail, həm də Fələstinin paytaxtı olmalıdır. O, həmçinin İsraili öz təhlükəsizliyini təmin etmək naminə Fələstin ərazilərinin işğalına son qoymağa çağırıb.

Qeyd edək ki, ötən gün Binyamin Netanyahu BMT Təhlükəsizlik Şurasında İsrailin məskunlaşma fəaliyyəti əleyhinə qəbul edilən qətnaməyə görə ABŞ administrasiyasını ittiham edib. Qətnamədə İsraildən Fələstin torpaqlarında məskunlaşmaya son qoyması tələb edilir. BMT Təhlükəsizlik Şurasında qəbul edilən qətnaməyə Təhlükəsizlik Şurasının 4 daimi, 10 qeyri-daimi üzvü səs verib, ABŞ isə bitərəf qalıb. Qətnamənin müəllifləri Yeni Zellandiya, Seneqal, Malayziya və Venesuela olub. İsrail bu 4 ölkədəki səfirlərini geri çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR