Bank Of Baku

Azərbaycan qiymətli kağızlar bazarının bütün seqmentlərində I rübdə artım müşahidə olunub

Azərbaycan qiymətli kağızlar bazarının bütün seqmentlərində I rübdə artım müşahidə olunub
# 13 may 2011 14:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübü ərzində Azərbaycanda qiymətli kağızlar bazarının bütün seqmentləri üzrə artım müşahidə olunub. Bu barədə «APA-Economics»ə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) bildirilib.

«Bu dövr ərzində ipoteka və xarici valyutada buraxılan istiqrazlar ilə əməliyyatlardakı artım, həmçinin pul siyasətinin neytrallaşdırılması istiqamətində atılan addımlar qiymətli kağızların gəlirliyinə və onlarla aparılan əməliyyatların həcminə müsbət təsir edib», - deyə Komitədən bildirilib.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 178,2 mln. manat təşkil edib. Belə ki, rüb ərzində səhm bazarında əməliyyatların həcmi 5,2% artaraq 35,6 mln. manat, korporativ istiqrazlar bazarında əməliyyatların həcmi isə 3,3 dəfə artaraq 142,6 mln. manat təşkil edib.

«Hesabat dövründə korporativ istiqrazlar bazarındakı dinamika əsasən Azərbaycan İpoteka Fondunun istiqrazları və müxtəlif nominasiyalı borc alətləri bazarında müşahidə olunan artım nəticəsində reallaşıb. Belə ki, I rübdə ipoteka istiqrazlarının ilkin və təkrar bazarında əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə artaraq 118,8 mln. manata çatıb. Bu dövrdə müxtəlif gəlirlikli, müddətli və nominasiyalı korporativ borc alətlərinin bazara çıxarılması davam edib və xarici valyutada olan istiqrazların ilkin və təkrar bazarı yüksək artım nümayiş etdirərək 20,9 mln. manat təşkil edib. Hesabat dövrü ərzində ilk dəfə olaraq xarici valyutada buraxılan və konvertasiya hüququna malik istiqrazlar bazara çıxarılıb. Belə ki, bu istiqrazlar investorlara istiqrazlarını emitent ilə öncədən razılaşmış qiymətə səhmlərə konvertasiya etmək hüququ verir», - deyə QKDK-dan qeyd olunub.

Komitədən həmçinin bildirilib ki, ötən ilin sonu və cari ilin I rübü ərzində Mərkəzi Bankın pul siyasətini neytrallaşdırması nəticəsində dövlət qiymətli kağızları, eləcə də Mərkəzi Bankın notlarının ilkin və təkrar bazarı yüksək artım nümayiş etdirib. Belə ki, I rüb ərzində dövlət qiymətli kağızlarının ilkin və təkrar bazarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 dəfə, sterilizasiya aləti olan Mərkəzi Bankın notlarının ilkin və təkrar bazarının həcmi isə 4,6 dəfə artıb.

«Cari ilin I rübü ərzində Mərkəzi Bankın notları və müxtəlif müddətli dövlət istiqrazlarının gəlirlikləri üzrə artım müşahidə olunub. Belə ki, Mərkəzi Bankın notlarının ortalama gəlirliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,44% bəndi artıb. Bir aylıq dövlət istiqrazlarının ortalama gəlirliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,36% bəndi, 3 aylıq dövlət istiqrazlarının ortalama gəlirliyi 0,13% bəndi, 6 aylıq dövlət istiqrazlarının ortalama gəlirliyi 0,69% bəndi, bir illik geriçağırılabilən dövlət istiqrazlarının ortalama gəlirliyi isə 0,25% bəndi artıb», - deyə QKDK-dan bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR