Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı valyuta müdaxiləsini azaldıb

Azərbaycan Mərkəzi Bankı valyuta müdaxiləsini azaldıb
# 17 may 2011 12:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Mərkəzi Bankı 2011-ci ilin I rübündə məzənnə siyasətini yeni əməliyyat mexanizmi çərçivəsində və valyuta bazarında təklif kanallarının genişlənməsi şəraitində həyata keçirib. “APA-Economics”in məlumatına görə, bu barədə ilin I rübünə dair Mərkəzi Bankın Pul siyasəti icmalında deyilir.

İcmala əsasən, cari ilin əvvəlindən Mərkəzi Bank öz məzənnə siyasətini dəhliz daxilində ABŞ dolları/manat ikitərəfli məzənnəsinin hədəflənməsi çərçivəsində həyata keçirməyə başlayıb. Yeni əməliyyat çərçivəsinə keçid barədə qərar son illərdə Azərbaycanda məzənnə siyasətinin həyata keçirilən taktikasının diaqnostikası əsasında qəbul edilib. Aparılmış təhlil göstərib ki, hazırda Azərbaycanda dəhliz daxilində ABŞ dolları/manat ikitərəfli məzənnəsinin hədəflənməsi müxtəlif valyutaların daxil olduğu bivalyuta səbətinin dəyərinin hədəflənməsi ilə müqayisədə daha məqsədəuyğundur. Kommunikasiya baxımından əlverişli olmaqla yanaşı, bu mexanizm həm də Mərkəzi Bankın uzunmüddətli perspektivdə sərbəst üzən məzənnə rejiminə keçmək imkanlarını artırır.

İlin I rübü ərzində valyuta bazarı demək olar ki, özünütənzimləmə rejimində fəaliyyət göstərib, Mərkəzi Bankın valyuta bazarında apardığı sterilizasiya əməliyyatlarının həcmi cəmi 156 mln. dollar olub. Müqayisə üçün qeyd edək ki, ötən il Mərkəzi Bankı bazara valyuta müdaxiləsi 1,385 mlrd. dollara bərabər olub. Ümumilikdə 2011-ci ilin I rübündə manatın ABŞ dollarına qarşı məzənnəsi cəmi 0,65% möhkəmlənib. Milli valyutanın məzənnəsinin sabitliyi dövr ərzində ölkədə makroiqtisadi və maliyyə sektorunun sabitliyinə müsbət təsir göstərib.

Rüb ərzində manatın nominal məzənnəsi ticarət partnyoru olan bəzi ölkələrin valyutalarına nəzərən ucuzlaşdığı halda, digər ölkələrin valyutalarına nisbətən möhkəmlənib. Manatın nominal ikitərəfli məzənnəsinin dinamikası real ikitərəfli məzənnələrin də dəyişməsinə təsir göstərib. Yanvar-mart aylarında manat bəzi ölkələrin (Avrozona, Rusiya, Gürcüstan) valyutalarına nisbətən həm nominal, həm də real olaraq ucuzlaşıb. Eyni zamanda Böyük Britaniya, Qazaxıstan, Yaponiya, İsrail, Çin, Cənubi Koreya kimi ölkələrin valyutalarına nisbətən manat nominal ucuzlaşdığı halda, real olaraq bahalaşıb.

Hesabat dövründə qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə (ümumi ticarət dövriyyəsi üzrə) 2,2% ucuzlaşmışdır. Partnyor ölkələrdəki inflyasiya ilə Azərbaycandakı inflyasiya arasındakı fərq isə real effektiv məzənnəyə 1,5 faiz bəndi artırıcı təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR