Bank Of Baku

Bakıda Mərkəzi Bank Sədrləri Klubunun növbəti toplantısı keçirilib

Bakıda Mərkəzi Bank Sədrləri Klubunun növbəti toplantısı keçirilib
# 12 may 2012 18:26 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Mərkəzi Bankının (AMB) təşkilatçılığı ilə mayın 12-də Bakıda Mərkəzi Asiya, Qara Dəniz Regionu və Balkan ölkələrinin Mərkəzi Bank Sədrləri Klubunun (Klub) növbəti 27-ci toplantısı keçirilib.

AMB-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, toplantı Kluba üzv dövlətlərin mərkəzi bankları arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin müzakirə edilməsi və təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunub. Tədbir çərçivəsində tanınmış beynəlxalq ekspertlərin təqdimatında Avrozonanın borc problemi və onun Avropa İttifaqının üzvü olmayan Avrasiya ölkələrinə təsiri, qlobal maliyyə stabilliyi və inkişaf etməkdə olan bazarlarda kontr-tsiklik makroprudensial nəzarətin rolu mövzuları və bu sahədə üzv dövlətlərin təcrübəsi müzakirə edilib.

Mərkəzi Bankın sədri Elman Rüstəmov toplantıda “Azərbaycanda makroiqtisadi siyasət: orta müddətli çağırışlar və prioritetlər” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanda makroiqtisadi siyasət və makroprudensial nəzarət sahəsində görülmüş tədbirlər, əldə olunmuş nəticələr və yeni çağırışlar nəzərə alınmaqla gələcək vəzifələr əhatə olunub.
Məlumatda deyilir ki, Klubun növbəti toplantısına Azərbaycan Mərkəzi Bankının ev sahibliyi etməsi ölkəmizin, o cümlədən AMB-nin beynəlxalq imicinin daha da yaxşılaşmasına mühüm töhfə olub.

Qeyd olunub ki, Klub 1998-ci ildə mərkəzi bank sədrlərinin regional görüş mexanizmi olaraq region bankları arasında əməkdaşlığın inkişafı, koordinasiya və təcrübə mübadiləsi məqsədilə yaradılıb. Hal-hazırda, Klubun Azərbaycan da daxil olmaqla 21 üzvü var. Həmçinin, Bakıdakı toplantıda Çexiya Milli Bankının Kluba üzvlük məsələsi rəsmi olaraq təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR