Cənubi Qafqazda KOB-ların sayı və məşğulluq göstəriciləri artmaqdadır.
“APA-Economics” xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) baş iqtisadçısı Şqehiro Şinozaki Bakıda keçirilən “Asia Small and Medium-Sized Enterprise Monitor 2025” (ASM 2025 – Asiya Mikro, Kiçik və Orta Müəssisələr Monitoru 2025) tədbirində çıxışı zamanı Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində mikro, kiçik və orta müəssisələrin (MSME – micro, small and medium-sized enterprises) artım dinamikasından danışarkən deyib.
ADB nümayəndəsinin sözlərinə görə, Cənubi Qafqaz və Mərkəzi Asiyada Rusiya şirkətlərinin relokasiyası regionun bazarlarını genişləndirib və bu proses nəticəsində KOB-ların sayı, eləcə də məşğulluq səviyyəsi yüksəlib: “Qafqaz və Central Asia regionlarında Rusiya şirkətlərinin köçü bazarların genişlənməsinə səbəb olub. Bu, Qırğızıstan və Gürcüstan kimi ölkələrdə mikro, kiçik və orta müəssisələrin sayının, həmçinin bu sahədə məşğulluğun artmasına gətirib çıxarıb. Bu artım tendensiyası Cənubi Qafqazda KOB sektorunun iqtisadi fəallıqda rolunun güclənməsinə səbəb olur. Bununla belə, qlobal qeyri-müəyyənlik və uzunmüddətli regional gərginliklər bəzi ölkələrdə, xüsusilə Qazaxıstan və Özbəkistanda artım tempinə mənfi təsir göstərəcək".
Şqehiro Şinozaki həmçinin əlavə edib ki, Azərbaycan və Qafqazda KOB kreditləri sabit qalır, problemli borclar azalır:
"2020–2024-cü illər arasında regionda KOB-lara yönələn kreditlərin həcmi ümumilikdə artıb, lakin bəzi ölkələrdə, o cümlədən Azərbaycan və Rumıniyada KOB kreditlərinin ümumi bank portfelindəki payı bir qədər azalıb. Onun sözlərinə görə, bu azalma əsasən iri müəssisələrə kredit genişlənməsi və iqtisadi tənzimlənmələrlə bağlıdır. ADB-nin məlumatına görə, Cənubi Qafqaz və Mərkəzi Asiyada KOB kredit bazarı dövlət dəstəyi və iqtisadi bərpa prosesləri nəticəsində genişlənməkdədir. Region ölkələrində KOB-ların maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşması, sahibkarlar üçün yeni kredit mexanizmlərinin yaradılması və dövlət təminatlı proqramların tətbiqi bu dinamikanı dəstəkləyib.
Problemli kreditlərin (NPL – non-performing loans) səviyyəsi Qafqaz və Mərkəzi Asiyada azalma meyli göstərib, bu isə sektorun dayanıqlığının gücləndiyini göstərir. Qafqaz regionunda, o cümlədən Azərbaycanda KOB kreditləri sabit şəkildə artmaqda davam edir, risklər isə əvvəlki illərlə müqayisədə azalır".
Hesabatda qeyd olunub ki, KOB-lar region ölkələrinin iqtisadi bərpasında aparıcı rol oynayır və məşğulluğun böyük hissəsini təmin edir. KOB sektorunun maliyyə dayanıqlığı və kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi region ölkələrinin iqtisadi şaxələndirmə siyasətinin əsas tərkib hissəsidir.