Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar 8–13 noyabr tarixlərində bankların və “Azərpoçt” MMC-nin bir sıra filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcək.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, bayram günlərində ümumilikdə 19 bankın 180 xidmət nöqtəsi (o cümlədən, 5 bank üzrə 12 xidmət nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, eləcə də valyuta mübadiləsinə lisenziya almış valyuta mübadiləsi məntəqələri müştərilərə xidmət göstərəcək.
Həmçinin noyabr ayında əlamətdar günlərin və COP29 tədbirinin təsadüf etdiyi qeyri-iş günlərində Mərkəzi Bankın 966 Qaynar xətti vətəndaşlara 09:00-18:00 saatları (13:00-14:00 fasilə) ərzində xidmət göstərməyə davam edəcək.
Qeyri-iş günlərində müvafiq maliyyə institutlarının iş qrafiki ilə bağlı məlumatı aşağıdakı keçidlərdən əldə etmək mümkündür:
Qeyd edək ki, iqlim dəyişikliyinə qarşı beynəlxalq fəaliyyətin təşviq olunmasında əsas platforma kimi çıxış edəcək COP29 konfransının keçiriləcəyi məkanlarda bankların ATM və POS-terminal infrastrukturunun davamlı fəaliyyətinin təmin olunması diqqət mərkəzində saxlanılacaqdır.