Azərbaycanda mikromaliyyə sektorunun ümumi kredit portfelində payı təxminən 6% təşkil etsə də, onun iqtisadi və sosial təsiri bu göstəricidən daha böyükdür.
“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov XII Azərbaycan Mikromaliyyə Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, mikromaliyyə təşkilatları əsasən bank maliyyələşməsinə çıxışı məhdud olan mikrosahibkarlara, fərdi sahibkarlara, kənd təsərrüfatı subyektlərinə və regionlarda yaşayan müştərilərə xidmət göstərir.
“6%-lik pay ilk baxışda böyük görünməyə bilər. Lakin mikromaliyyənin əhəmiyyəti onun ümumi kredit bazarındakı nominal payından daha böyükdür. Buna görə də sektorun iqtisadi rolunu yalnız kredit portfelindəki payla ölçmək düzgün olmaz”, – deyə deputat vurğulayıb.
A. Əmiraslanov bildirib ki, mikromaliyyələşmənin əhəmiyyəti ayrılan vəsaitin həcmi ilə yanaşı, onun yaratdığı iqtisadi və sosial nəticələrlə qiymətləndirilməlidir.
Onun sözlərinə görə, bəzi hallarda yüz minlərlə, hətta milyonlarla manatlıq maliyyələşmə insanların həyatında ciddi dəyişiklik yaratmadığı halda, 25 min manatlıq mikrokredit kiçik sahibkarın və ya fermerin həyatını əsaslı şəkildə dəyişə bilər.
Komitə sədri qeyd edib ki, cəmiyyətin dayanıqlılığı orta təbəqənin formalaşmasından, orta təbəqənin güclənməsi isə kiçik və orta sahibkarlığın inkişafından asılıdır. Bu baxımdan mikromaliyyə sektorunun sahibkarların maliyyə təminatında mühüm rolu var.
A. Əmiraslanov mikromaliyyə institutlarının gücləndirilməsinin və sektorun dayanıqlı inkişafının vacibliyini də vurğulayıb.