“İpək Yolu Sığorta” ASC 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
"APA-Economics" xəbər verir ki, sığorta şirkətinin xalis mənfəəti 2021-ci ilə nisbətən ötən il 6% azalıb.
Hesabat dövründə “İpək Yolu Sığorta”nın əsas əməliyyat gəlirləri 13,2% artaraq 20,669 min manata, birbaşa sığorta üzrə sığorta haqları 31,4% artaraq 20,520 min manata çatıb. Sığorta şirkətinin investisiya gəlirləri 469,2 min manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 1,7% çoxdur. Bundan əlavə, “İpək Yolu Sığorta”nın 9,2 min manat (2021-ci ildə olmayıb) subroqasiya gəlirləri, 25,9 min manat sair gəlirləri (əvvəlki ilə nisbətən 51,5 dəfə az) yaranıb. Sığorta şirkətinin xalis sığorta ehtiyatları 522,9 min manat artıb. Son nəticədə, şirkətin cəmi gəlirləri 20,650 min manata bərabər olub ki, bu da 2021-ci illə müqayisədə 3% çoxdur.
Ötən il sığorta şirkətinin əsas əməliyyat xərcləri bir il əvvələ nisbətən 3% artaraq 17,789 min manat, o cümlədən sığorta ödənişləri 14,7 dəfə azalaraq 184,3 min manat, işlərin aparılması xərcləri 4,3% artaraq 1,719 min manat təşkil edib. Ümumilikdə isə sığorta şirkətinin cəmi xərcləri bir əvvələ nisbətən 3,7% artaraq 19,509 min manata bərabər olub.
2022-ci ildə “İpək Yolu Sığorta”nın maliyyə mənfəəti 6% azalaraq 1,141 min manata, mənfəət vergisi üzrə ödəməsi 5,7% azalaraq 228,3 min manata enib. Nəticədə sığorta şirkəti ötən ili 913,2 min manat xalis mənfəətlə başa vurub. Bu da 2021-ci ilə nisbətən 6% azdır.
Sığorta şirkəti ötən il böyüyüb. Belə ki, 2023-cü ilin yanvarın 1-nə “İpək Yolu Sığorta”nın cəmi aktivləri 36,5% artaraq 32,516 min manata, cəmi öhdəlikləri isə 2,3 dəfə artaraq 16,773 min manata yüksəlib. Şirkətin cəmi kapitalı isə 6% azalaraq 15,743 min manata enib.
Xatırladaq ki, "İpək Yolu Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,53%-i “ASG Business Aviation” MMC-yə, 3,47 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.