Bank Of Baku

ITFC: İslam maliyyəsi ilə halal iqtisadiyyat arasında əlaqə gücləndirilməlidir

Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının (ITFC) Baş əməliyyat direktoru Nazeem Noordali

© APA | Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının (ITFC) Baş əməliyyat direktoru Nazeem Noordali

# 16 iyun 2026 10:50 (UTC +04:00)

İslam maliyyəsi ilə halal iqtisadiyyat arasında əlaqə gücləndirilməlidir.

APA xəbər verir ki, bu fikri Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyasının (ITFC) Baş əməliyyat direktoru Nazeem Noordali İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakıda keçirilən İllik Toplantıları çərçivəsibdə təşkil olunan "Etik Halal Biznes Modelləri və Risklərə Dayanıqlı Maliyyələşdirmə üzrə Strateji Liderlik Dialoqu" adlı sesiyasında çıxışı zamanı səsləndirib.

“Bu gün halal iqtisadiyyat artıq əsas iqtisadi istiqamətlərdən birinə çevrilir. Onun həcmi təxminən 2,35 trilyon dollar olaraq qiymətləndirilir. Eyni zamanda, İslam maliyyəsi sektorunun aktivləri 5,5-6 trilyon dollar səviyyəsindədir və yaxın illərdə daha da artacağı gözlənilir”, - o qeyd edib.

O bildirib ki, halal iqtisadiyyatının sürətli inkişafına baxmayaraq, İslam maliyyəsi ilə real iqtisadiyyat arasında hələ də ciddi uyğunsuzluq mövcuddur.

“İslam maliyyəsinin gücü ilə halal iqtisadiyyatın ehtiyacları arasında gözlənilən sinergiyanı görmürük. Halal qida, əczaçılıq, turizm və digər sahələrdə fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsi kifayət qədər səviyyədə deyil”, – Noordali vurğulayıb.

Onun sözlərinə görə, İƏT-ə üzv ölkələr halal iqtisadiyyatının inkişafında daha fəal rol oynamalı, xüsusilə kiçik və orta sahibkarlığın maliyyəyə çıxış imkanlarını genişləndirməlidirlər.

“Kiçik və orta müəssisələrə yalnız maliyyə deyil, həm də bacarıqların artırılması və institusional dəstək lazımdır ki, onlar qlobal halal bazarının yaratdığı imkanlardan faydalana bilsinlər”, – o qeyd edib.

Noordali bildirib ki, halal iqtisadiyyatının inkişafının qarşısındakı əsas maneələrdən biri maliyyə çatışmazlığıdır.
“Asiya İnkişaf Bankının qiymətləndirmələrinə görə, ticarət maliyyələşdirilməsi sahəsində boşluq 2,5 trilyon dollardan çoxdur. Bu isə böyük iqtisadi potensialın hələ də reallaşdırılmadığını göstərir”, – ITFC rəsmisi vurğulayıb.

O əlavə edib ki, hökumətlər, maliyyə institutları və biznes sektoru arasında daha sıx əməkdaşlıq qurulmalı, xüsusilə girov təminatı, maliyyəyə çıxış və idarəetmə problemləri ilə üzləşən kiçik bizneslər üçün innovativ maliyyə həlləri hazırlanmalıdır.

“İslam maliyyəsi ilə halal iqtisadiyyat arasında körpü qurulmalıdır. Bu əlaqənin gücləndirilməsi həm bizneslərin böyüməsinə, həm də qlobal halal iqtisadiyyatının davamlı inkişafına töhfə verəcək”, – Nazeem Noordali qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR