Maliyyə sektorunun 2027-2030-cu illəri əhatə edən inkişaf strategiyasını hazırlayırıq.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
“2026-cı ilin sonunda artıq 2024-2026-cı illəri əhatə edən strategiyanın icrasını yekunlaşdıracağıq. İcra səviyyəsi 91%-dir. Bu ilin sonuna kimi isə 2027-2030-cu illəri əhatə edən maliyyə sektorunun inkişaf strategiyasını hazırlamağı planlaşdırırıq və iki əsas məqsədə fokuslaşacağıq.
İlk olaraq, maliyyə sektorunun inkişafını nəzərdə tuturuq. Burada real sektorun maliyyələşdirilməsini, rəqəmsallaşmanı, innovativ həllərin tətbiqini, ümumiyyətlə, maliyyə xidmətlərinin inklüzivliyinin və əhatəliliyinin artırılmasını nəzərdə tuturam. Digər əsas məqsədimiz tənzimləmə siyasətimizin təkmilləşdirilməsi və bununla da maliyyə sektorunun dayanıqlığının təmin edilməsidir”.