Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü ilin II rübündə “Bank Silk Way”in aktivlərinin həcmi 216,565 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 21,6% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 46,5% artaraq 162,651 mln. manat olub.
Bankın depozit portfeli 2014-cü ilin yanvar-iyun ayları ərzində 4,3% artaraq 47,341 mln. manata çatıb. Hesabat dövründə əhalinin əmanətlərinin həcmi isə 36,654 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 19,8% çoxdur.
Bir il ərzində bankın məcmu kapitalı 6% artaraq 107,871 mln. manata çatıb. Hesabat dövründə bankın nizamnamə kapitalı 3,6% artaraq 97,130 mln. manat təşkil edib.
Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 52,2% artaraq 12,464 mln. manat, xərcləri isə 37,6% artaraq 6,610 mln. manat təşkil edib.
Bu ilin altı ayı ərzində bankın əldə etdiyi mənfəət 5 mln. 853,88 min manat təşkil edib.
Hazırda bankın ölkə üzrə 6 filialı, 35 bankomatı fəaliyyət göstərir.