Bakı. Musa Əhmədov - APA-Economics. “NIKOIL Bank” bu günlərdə Masallı şəhərində yeni filial açıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, açılış mərasimində bankın İdarə Heyətinin sədri Vasili Xamaza, Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin və Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Seymur Nuriyev, o cümlədən müxtəlif yerli strukturların, bankın mərkəzi ofisinin nümayəndələri iştirak edib.
“Mən əminəm ki, bu filial komandanın yüksək peşəkarlığı sayəsində həm bizim, həm də yerli əhalinin ümidlərini tam doğruldacaq. Masallı aqrar rayonlardan sayılır. Burada torpaq məhsuldar, əhali isə zəhmətsevərdir. Eləcə də, biz Sahibkarlığa Kömək Milli Fondu ilə sıx əməkdaşlıq edirik. Bütün bunlar, eləcə də bizim Azərbaycanın bank sahəsində 20 illik təcrübəmiz bu regionda fermer təsərrüfatına və sənayenin inkişafına təkan verəcək”, - deyə V. Xamaza vurğulayıb.
Xatırladaq ki, universal maliyyə kredit təşkilatı olan “NIKOIL Bank” banklararası zəmanətli hesablaşma, kredit, ödəmə, kart vasitəsilə milli və xarici valyutalarla digər əməliyyatlar da daxil olmaqla bütün xidmətlər paketini təqdim edir.
Bankın xidmət şəbəkəsi 21 filialdan ibarətdir.