Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ilin II rübündə “Qafqaz İnkişaf Bankı”nın aktivlərinin həcmi 132,985 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 15,4% çoxdur.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 18,3% artaraq 120,981 mln. manat olub.
Bu il iyul ayının 1-nə bankın istehlak kreditlərinin həcmi 20,714 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 11% azdır.
İlin I yarısında bankın ipoteka kreditlərinin həcmi 1,735 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur və kreditlərin hamısı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.
Hesabat dövründə bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 8,5 dəfə artaraq 2,006 mln. manat olub.
Bankın depozit portfeli hesabat dövrü ərzində 19,8% azalaraq 7,963 mln. manat təşkil edib. İyulun 1-nə əhalinin əmanətlərinin həcmi isə 5,569 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 11,4% çoxdur.
Bir il ərzində bankın məcmu kapitalı 65,8 % artaraq 60,316 mln. manata çatdığı halda, nizamnamə kapitalı 65,7 % artaraq 55 mln. manat təşkil edib.
Bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 78,6% artaraq 8,361 mln. manat, xərcləri isə 45% artaraq 4,229 mln. manata çatıb.
Bu ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 4,132 mln. manat təşkil edib.
Hazırda bankın ölkə üzrə 3 filialı, 1 bankomatı, 3 POS-terminalı fəaliyyət göstərir.