Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-iyul aylarında sığorta növləri arasında ən ciddi artım həyatın ölüm halında sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə yığımlar 3,5 dəfə artaraq 9,5 mln. manatı keçib.
Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, artımın dinamikasına görə 2-ci yeri isə mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası tutub. Bu sığorta növü üzrə toplanan sığorta haqqı 2,1 dəfə artaraq 400 min manata çatıb.
Həyatın yaşam sığortası üzrə yığımlar 73,8% artaraq 32,8 mln. manat, tibbi sığorta üzrə yığımlar 5,7% artaraq 45,8 mln. manat, istehsalatda bədbəxt hadisələrdən sığorta 10,4% artaraq 21 mln. manat, daşınmaz əmlakın icbari sığortası 37,7% artaraq 10,5 mln. manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 14,2% artaraq 256 min manat, sərnişinlərin icbari fərdi qəza sığortası 26,3% artaraq 85,4 min manat təşkil edib.
İlin I yarısında sığorta növləri arasında ən ciddi azalma isə pul və pul sənədlərinin saxtalaşdırılmasından sığortada, eləcə də kreditin sığortasında qeydə alınıb. Bu növ sığortalar üzrə yığımlar 100% azalıb.
Əmlakın yanğından və digər risklərdən sığortası 8,8% azalaraq 18,5 mln. manat, kasko sığorta 34,7% azalaraq 21,1 mln. manat, su nəqliyyat vasitələrinin sığortası 3,1 dəfə azalaraq 300 min manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası isə cəmi 0,28% azalaraq 37,85 mln. manat təşkil edib.
Sığorta ödənişlərinə gəlincə isə, ən çox artım su nəqliyyat vasitələrinin sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə ödənişlər 180 dəfədən çox artaraq 94 min manata çatıb. Ödənişin dinamikasına 2-ci yeri həyatın ölüm halından sığortası tutub. Bu sığorta növü üzrə ödənişlər 3,3 dəfə artaraq 500 min manat olub.
Həyatın yaşam sığortası üzrə ödənişlər 60%-ə yaxın artaraq 2,55 mln. manat, tibbi sığorta üzrə ödənişlər 7,3% artaraq 27,3 mln. manat, əmlakın yanğından və digər risklərdən sığortası 2,75 dəfə artaraq 5,9 mln. manat, kasko sığortası 5% artaraq 15,8 mln. manat, istehsalatda bədbəxt hadisələrdən sığorta 2,45 dəfə artaraq 1,74 mln. manat, daşınmaz əmlakın icbari sığortası 41% artaraq 1,3 mln. manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 16,2% artaraq 16,3 mln. manat təşkil edib.
Sığorta ödənişləri üzrə ən çox azalma isə işçilərin dələduzluğu sığortasında qeydə alınıb. Bu sığorta növü üzrə ödənişlər 9% azalıb və 65,6 min manat təşkil edib.