Bakı. Rüfət Əhmədzadə - APA. “Azərbaycanla İran arasında hər iki ölkədə, iki ölkənin iş adamları üçün azad iqtisadi zonalar yaradılmalıdır”.
APA-nın xəbərinə görə, bunu İran Ticarət Sənaye Mədən və Kənd Təsərrüfatı Palatasının beynəlxalq məsələlər üzrə sədr müavini Əli Əkbər Fərazi deyib.
O bildirib ki, gələcəkdə üçüncü bir ölkənin də bu yöndə əməkdaşlığa cəlb olunması imkanı yaranacaq: “İkitərəfli azad iqtisadi zonaların yaradılması inteqrasiyanın daha da genişlənməsində zəmin yaradacaq”.
Sədr müavini qeyd edib ki, Azərbaycana gedib-gələn, ticarət münasibətləri qurmaq istəyən iranlı iş adamlarının viza məsələlərinin asanlaşdırılması üçün onların siyahısı hazırlanacaq və bu ölkənin İrandakı səfirliyinə təqdim olunacaq.