Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-iyul aylarında toplanmış sığorta haqlarının həcminə görə, bazarın lideri “PAŞA Sığorta” şirkəti olub.
Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ilk 7 ayda 33,2 mln. manat sığorta haqqı toplayıb. Sonrakı yeri tutan “Atəşgah Həyat” şirkətinin yığımları 25,5 mln. manat, “PAŞA Həyat” şirkətində isə 25,1 mln. manat olub. Sığorta yığımlarının həcminə görə ilk beşliyi “Azərsığorta” DSKŞ (24 mln. manat) və “AzSığorta” (21,2 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə, bazarın təxminən 51%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşür.
Ən az sığorta haqqı toplayanlar isə “Əmrah Sığorta” (489 min manat), “Era-Trans” (347 min manat), “Azərqarant” (323 min manat), “Günay Sığorta” (131 min manat), “Çartis Azərbaycan” (39 min manat) və “Royal Sığorta” (2255 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 1,33 mln. manat olub və ümumi sığorta yığımlarının təxminən 0,5%-ni təşkil edib.
Ümumilikdə 28 sığorta şirkətinin 9-da sığorta haqlarının həcmi 10 mln. manatdan artıq, 6 şirkətdə 5-10 mln. manat arasında, 7 şirkətdə 1-5 mln. manat arasında, 6 sığorta şirkətində isə yarım milyon manatdan aşağıdır.
Sığorta ödənişlərinin həcminə görə də lider “PAŞA Sığorta” şirkətidir - 15,4 mln. manat. Ödənişlərin həcminə görə sonrakı yerləri 8,2 mln. manatla “Atəşgah Sığorta”, 7,7 mln. manatla “Azərsığorta” DSKŞ, 7,3 mln. manatla “Azərbaycan Sənaye Sığorta”, 5,6 mln. manatla "Azsığorta" və 5,5 mln. manatla “AXA MBASK” şirkətləri tutur. Bu şirkətlərin ödənişlərinin cəmi təxminən 50 mln. manat təşkil edir ki, bu da ümumi ödənişlərin təxminən 64%-i qədərdir.
Ən az ödəniş edən şirkətlər isə “Era Trans” (213,5 min manat), “Azərqarant” (47,4 min manat), “Günay Sığorta” (54,2 min manat), “Royal Sığorta” (8,3 min manat) və “Çartis Azərbaycan” (272 manat) olub. Bu şirkətlərin ümumi göstəricisi təxminən 324 min manat olub ki, bu da ümumi ödənişlərin 0,4%-ni təşkil edir.