Bank Of Baku

Azərbaycanda BOKT-ların məcmu nizamnamə kapitalında azalma müşahidə olunur

Azərbaycanda BOKT-ların məcmu nizamnamə kapitalında azalma müşahidə olunur
# 11 avqust 2014 15:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri 579,31 mln. manat olub ki, bu da ötən ilin eyni dövründəkindən 30% və ya 133,82 mln. manat çoxdur.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin II rübü ilə müqayisədə hesabat dövründə BOKT-ların məcmu nizamnamə kapitalı 11,7 mln. manat və ya 17,2% artaraq 79,68 mln. manata çatıb. İl ərzində BOKT-ların məcmu nizamnamə kapitalında artım qeydə alınsa da, may ayı ilə müqayisədə iyunda bu göstərici azalıb. Yəni, iyun ayında BOKT-ların məcmu nizamnamə kapitalı 79,68 mln. manat olub ki, bu da may ayındakı göstəricidən  5,6% və ya 4,76 mln. manat azdır.

 

BOKT-ların filiallarının sayında da artım var. Belə ki, əgər 2013-cü ilin II rübündə BOKT-ların 129 filialı var idisə, bu ilin iyulun 1-nə filialların sayı 206-a çatıb.

 

2013-cü ilin II rübü ilə müqayisədə bu ilin müvafiq dövründə Azərbaycanda Kredit  İttifaqlarının nizamnamə kapitalı 18,3% artıb. Başqa sözlə, il ərzində ittifaqların nizamnamə kapitalı 3,4 mln. manat artaraq 21,82 mln. manata çatıb. Amma bu ilin I rübü ilə müqayisədə II rübdə bu göstərici üzrə azalma qeydə alınıb. Başqa sözlə, əgər bu ilin ilk üç ayında kredit ittifaqlarının nizamnamə kapitalı 22,25 mln. manat idisə, II rübdə bu göstərici 0, 43 mln. manat azalaraq 21,82 mln. manat olub.

 

Bu ilin yanvar-iyun aylarında kredit ittifaqlarının aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 15,1% və ya 7,37 mln. manat çox olub. Beləliklə, hazırda kredit ittifaqlarının aktivləri 56,18 mln. manat təşkil edir.

 

Hesabatdan aydın olur ki, kredit ittifaqları filial yaratmaqda maraqlı deyil.

 

Beynəlxalq humanitar təşkilatları tərəfindən maliyyələşdirilmiş kredit təşkilatlarının nizamnamə kapitalına gəlincə, burda da göstəricilər qənaətbəxşdir. Belə ki, 2013-cü ilin II rübü ilə 2014-cü ilin II rübünü müqayisə edəndə məlum olur ki, kredit təşkilatlarının nizamnamə kapitalı 14,38 mln. manat, aktivləri 125,78 mln. manat, filiallarının sayı isə 77 ədəd artıb. Başqa sözlə, bu ilin iyulun 1-nə kredit təşkilatlarının nizamnamə kapitalı 45,33 mln. manat, aktivləri 495,8 mln. manat, filiallarının sayı isə 194-dür.

 

Hesabat dövründə digər bank olmayan kredit təşkilatlarının nizamnamə kapitalı və aktivlərində cüzi də olsa artım qeyd alınıb. 2013-cü ilin yanvar-iyun aylarında belə təşkilatların nizamnamə kapitalı 18,59 mln. manat, aktivləri isə 26,66 mln. manat olubsa, bu ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 12,53 mln. manat və 27,33 mln. manat təşkil edib. Bu müddət ərzində digər bank olmayan kredit təşkilatlarının filiallarının sayında dəyişiklik müşahidə edilməyib. Əvvəl olduğu kimi indi də digər bank olmayan kredit təşkilatlarının 12 filialı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR