Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşlarının həcmi 2014-cü ilin iyulun 1-nə 16 754,8 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 980,7 mln. manat və ya 21,6% artıb. O cümlədən, may ayı ilə müqayisədə bu ilin iyununda kredit qoyuluşlarının həcmi 159,4 mln. manat və ya 0,96% artıb.
Kredit qoyuluşlarının sahələr üzrə tərkibində ən iri həcm yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 6 819,9 mln. manat və ya ümumi həcminin 40,7%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 620,9 mln. manat və ya 31,2% artıb. Göründüyü kimi, istehlak kreditlərin artım həcmi ümumi göstəricinin 54,3%-ni təşkil edir. Eyni zamanda onlar üzrə artım tempi ümumi göstəricini 1,4 dəfə üstələyir. Beləliklə, Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərin artımının hesabına baş verir.
Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərdən sonra gedən digər sahələrdən 13,6%-lik payla “İnşaat və əmlak”, 14,5%-lik payla “Ticarət və xidmət”, 11,7%-lik payla “Sənaye və istehsal”, 4,5%-lik payla “Kənd təsərrüfatı və emal”, 3,5%-lik payla “Nəqliyyat və rabitə” və 1,3%-lik payla “Energetika, kimya və təbii ehtiyatlar sektoru” sahələrini qeyd etmək olar.
Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin iyulun 1-nə 877,6 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 95,8 mln. manat və ya 12,3% çoxdur. Eyni zamanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi illik müqayisədə 5,7%-dən 5,2%-dək enib.