Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda nağd qaydada aparılan hesablaşmaların məhdudlaşdırılmasını və nağdsız ödənişlərin stimullaşdırılmasını nəzərdə tutan müvafiq qanunvericilik aktlarının layihələrindən ibarət təkliflər hazırlanıb.
“APA-Economics”in xəbərinə görə, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov AzərTAc-a müsahibəsində bildirib ki, təkliflər paketi artıq hökumətə təqdim olunub.
N. Şirinov deyib ki, ölkə iqtisadiyyatında nağdsız ödənişlərin stimullaşdırılmasında beynəlxalq tələblərə cavab verən daha təkmil qanunvericilik bazasının yaradılmasında texniki köməkliyin göstərilməsi üçün hazırda Dünya Bankının Azərbaycandakı nümayəndəliyi ilə müzakirələr aparılır.
Onun sözlərinə görə, POS-terminal şəbəkələrinin genişləndirilməsi istiqamətində də mühüm tədbirlər görülür. “Məhz bunun nəticəsidir ki, POS-terminal və ATM-lər vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi artır. Bu artım POS-terminal və ATM-lərin sayında da özünü göstərir. Bu ilin iyunun 1-i tarixinə respublika üzrə qeydiyyatda olan POS-terminalların sayı ilin əvvəlinə olan göstəriciyə nisbətən 1,6 dəfədən çox artaraq 51 773 ədəd təşkil edib. Son 3 il ərzində POS-terminal və ATM-lər vasitəsi ilə həyata keçirilən nağdsız dövriyyənin həcmi 4 dəfəyədək artaraq, 2013-cü ildə 578 mln. manat təşkil edib”-deyə N. Şirinov vurğulayıb.
Qeyd edək ki, görülən tədbirlərin nəticəsində cəmi pul kütləsinin artımında müsbət tendensiya olaraq nağd pul kütləsinin azalması prosesi hazırda davam edir. Təhlillər göstərir ki, 2012-ci ildə cəmi pul kütləsinin həcmi 20,7% artdığı halda, nağd pul kütləsi 29,3% artıb. 2013-cü ildə isə cəmi pul kütləsi 15,4% artdığı halda, nağd pul kütləsinin artımı 13% təşkil edib.