Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda Vergi Məcəlləsinin şərhlərinin hazırlanmasına başlanılıb. Bununla bağlı yaradılan Komissiya şərhlərinin hazırlanması istiqamətində çox ciddi işlər görür.
“APA-Economics”in xəbərinə görə, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov AzərTAc-a müsahibəsində deyib ki, məqsəd Vergi Məcəlləsini müddəalarının vergi ödəyicilərinə aydın və konkret şərh edilməsinə nail olmaqdır.
“Vergi Məcəlləsində vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamlarının vergi ödəyicisinin xeyrinə şərh olunması öz əksini tapıb. Qanunvericilikdə müxtəlif cür tətbiq oluna biləcək halların mövcudluğu vergi sistemində Məcəllənin müddəalarının tətbiqinə vahid yanaşmanın formalaşdırılmasını və Vergi Məcəlləsinə rəsmi şərhlərin hazırlanmasını zəruri edir”, - deyə o əlavə edib.
Nazirlik rəsmisi qeyd edib ki, şərhlərin hazırlanması Məcəllənin maddələri ilə əlaqədar sorğuların sayının da əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.
Qeyd edək ki, Vergi Məcəlləsinin şərhlərinin hazırlanması ilə bağlı Komissiya Vergilər nazirinin 20 noyabr 2013-cü il tarixli əmrinə əsasən yaradılıb.