Bank Of Baku

Azərbaycanla İran birgə istehsal sahələrinin yaradılmasında maraqlıdır

Azərbaycanla İran birgə istehsal sahələrinin yaradılmasında maraqlıdır
# 05 avqust 2014 14:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə ölkələr arasında mövcud iqtisadi əlaqələr, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, iqtisadiyyat və sənaye naziri Ş. Mustafayev iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin yüksələn xəttlə inkişaf etdiyini vurğulayıb. Bu ilin əvvəlində Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin İran İslam prezidenti Həsən Ruhani ilə görüşü, həmçinin aprel ayında Azərbaycan prezidentinin İrana rəsmi səfəri çərçivəsində keçirilmiş yüksək səviyyəli görüşlər, müxtəlif sahələrdə imzalanmış sənədlər ölkələr arasında əlaqələrin inkişafına əhəmiyyətli töhfə verib.

 

Azərbaycan və İran arasında yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi münasibətlərin inkişafına şərait yaratdığını qeyd edən Ş. Mustafayev ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin uğurla davam etdiyini, əməkdaşlığın daha da inkişafı üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb. O bildirib ki, nəqliyyat, energetika, kənd təsərrüfatı, turizm, bank, meliorasiya və irriqasiya, ticarət sahələrində, Azərbaycanda yaradılan sənaye parklarında İran şirkətlərinin iştirakı, birgə istehsal sahələrinin yaradılması və s. istiqamətlərdə əməkdaşlıq üçün geniş imkanlar var.

 

Görüşdə İran nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasının, rəsmi görüşlərin və biznes forumun keçiriləcəyi, bu tədbirlərin ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacağı vurğulanıb. Ş. Mustafayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal edildiyini, soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını, tarixi abidələrin, məscid və ibadətgahların, qəbiristanlıqların dağıdıldığını diqqətə çatdırıb, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistanın təcavüzkar və işğalçı addımlarının qarşısının alınmasının, eləcə də tarixi ədalətin bərpa edilməsi istiqamətində qonşu İranın Azərbaycanın ədalətli mövqeyini davamlı dəstəkləməsinin, Ermənistana təzyiqin gücləndirilməsinin önəmli olduğunu vurğulayıb.

 

M. Vaezi Azərbaycan prezidentinin bu ilin aprel ayında İrana rəsmi səfərini məmnunluqla xatırlayıb və səfərin iki ölkə arasında əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyətini vurğulayıb. O, Azərbaycandakı sürətli inkişafın İran nümayəndə heyətində dərin təəssürat yaratdığını diqqətə çatdırıb, ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edərək, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR