Nazirliyin mətbuat xidmətindən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 2010-cu il 26 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”na əsasən şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təminatı məqsədi ilə tələb olunan vəsaitlər dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli xərclərindən maliyyələşdirilir.
“Hazırda respublikanın bütün rayon və şəhərlər üzrə şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təminatı üçün eyni məbləğdə vəsait ayrılır. 2014-cü il üçün Gəncə şəhər yerli xərclərində şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təminatı üçün 1 milyon 724 min manat vəsait proqnozlaşdırılıb. Bu günədək 1 milyon 149 min manat və ya ümumi ayrılmış vəsaitin 67%-i Gəncə şəhər Səhiyyə İdarəsinin xəzinə sifarişləri əsasında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən ödənilib, 575 min manat isə qalıq qalıb. Müvafiq yerli qurumlar məsələni dövlət büdcəsinin Gəncə şəhər yerli xərclərində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər daxilində təmin etməlidirlər. Ona görə də, bu məqsədlə büdcədən vəsait ayırmaması barədə yayılan məlumatların heç bir əsası yoxdur”, - deyə qurumun açıqlamasında qeyd olunur.
Xatırladaq ki, bəzi mətbuat orqanları Gəncədə şəkərli diabet xəstələrinin 2 aydır dərmansız qalması barədə məlumat yayıb. Buna səbəb kimi Maliyyə Nazirliyi tərəfindən maliyyə vəsaitinin ayrılmaması göstərilib.