Bank Of Baku

ABŞ-ın vitse-prezidenti Rusiyanı öz qoşunlarını Gürcüstandan çıxarmağa çağırıb

ABŞ-ın vitse-prezidenti Rusiyanı öz qoşunlarını Gürcüstandan çıxarmağa çağırıb
# 23 iyul 2009 16:21 (UTC +04:00)
Mənim Gürcüstana səfərim Barak Obamanın Moskvaya səfərindən sonra xüsusi olaraq planlaşdırılıb və bu, ABŞ-la Rusiya arasındakı münasibətlərin Gürcüstanın ərazi bütövlüyü bahasına qurulacağı barədə bəyanatlara cavabdır”. APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ-ın vitse-prezidenti Cozef Bayden Gürcüstan parlamentindəki çıxışında deyib. C. Baydenin sözləri millət vəkillərinin gurultulu alqışlarına səbəb olub. O bildirib ki, suveren və demokratik ölkə öz tərəfdaşlarını özü seçməlidir: “Bir dövlətin öz şərtlərini başqasına diktə etdiyi dövrlər keçib. İndi 19-cu əsr deyil. 21-ci əsrdə dünyanın bölüşdürülməsi nəzəriyyəsinə yer yoxdur. Mən dəqiq deyə bilərəm ki, biz heç vaxt Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımayacağıq! Biz Rusiyanı beynəlxalq birliyin qərarına hörmət edərək öz qoşunlarını çıxarmağa və atəşkəs sazişinə riayət etməyə çağırırıq”.

C. Bayden bir il əvvəl – avqust hadisələri zamanı Gürcüstanda olduğunu xatırladıb: “Mən artilleriya sədalarını, təyyarələrin uçuşunu eşidirdim. O vaxt mən Amerika Senatı adından Gürcüstana dəstəyimizi ifadə etmişdim. İndi bunu bir daha təkrarlayıram”.

Vitse-prezident adambaşına düşən yardıma görə dünyada ABŞ-dan ən çox maddi kömək alan ölkənin məhz Gürcüstan olduğuna diqqət çəkib. O, avqust müharibəsindən sonra Gürcüstandakı iqtisadi vəziyyətdən sarsıldığını və həmin vaxt Vaşinqtonda bu ölkəyə 1 milyard dollar yardım ayrılması barədə qərar qəbul olunduğunu söyləyib. C. Bayden Gürcüstanın hərbi sistemindəki islahatlara və ordunun müasirləşdirilməsinə dəstəyi davam etdirəcəklərini vurğulayıb: “Biz Gürcüstanın NATO-ya inteqrasiyasını tam dəstəkləyirik və lazımi standartlara çatmağınız üçün köməyimizi davam etdirəcəyik”.

C. Bayden yalnız demokratik Gürcüstanın öz ərazi bütövlüyünü bərpa edə biləcəyini deyərək xatırladıb ki, güc birlikdədir: “Mən və Obama sizin müqəddəs arzunuzun gerçəkləşməsi üçün dua edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR