Bank Of Baku

Ukraynada qətlə yetirilən jurnalistin başının qalıqları tapılıb

Ukraynada qətlə yetirilən jurnalistin başının qalıqları tapılıb
# 28 iyul 2009 16:31 (UTC +04:00)
Bakı – APA. Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları 2000-ci ildə öldürülmüş jurnalist Georgi Qonqadzenin başının qalıqlarını aşkar edib. APA-nın “İnterfax”a istinadən xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, jurnalistin başının basdırıldığı yeri qətldə şübhəli bilinən Ukrayna DİN-in sabiq idarə rəisi general Aleksey Pukaç nişan verib. Kiyev vilayətinin Belotserkovsk rayonunda generalın göstərdiyi yerdə aparılan qazıntılar uğurla nəticələnib.
Qeyd edək ki, “Ukrainskaya pravda” internet nəşrinin qurucusu G.Qonqadze 2000-ci ildə qətlə yetirilib. İstintaqın versiyasına görə, o vaxt Ukrayna DİN-in Baş Cinayət Axtarışı İdarəsinin rəisi olan general A.Pukaç jurnalistin izlənməsinə və oğurlanmasına rəhbərlik edib, sonda isə G.Qonqadzeni öz əlləri ilə boğub. 2003-cü ildə generalı jurnalistin izlənilməsinə dair sənədləri məhv etmək ittihamı ilə həbs ediblər. Az sonra bu, başqa yerə getməmək qəti-imkan tədbiri ilə əvəzlənib. Elə o vaxtdan A.Pukaç yoxa çıxıb. 2005-ci ildə Ukrayna prezidenti Viktor Yuşşenko Qonqadze cinayətinin açıldığını elan etdikdən sonra generala qarşı qətl ittihamı irəli sürülüb və onun barəsində beynəlxalq axtarış elan olunub.
Xatırladaq ki, G.Qonqadzenin qətlinə görə Ukrayna DİN-in zahiri müşahidə və kriminal kəşfiyyat departamentinin əməkdaşları Nikolay Protasov, Valeri Kostenko və Aleksandr Popoviç müvafiq olaraq 13, 12 və 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlardan heç biri özlərini tam təqsirli bilməyiblər. Üstəlik, cinayətin sifarişçisi də müəyyənləşdirilməyib. Ukrayna prezidentinin mühafizə xidmətinin rəhbəri Nikolay Melniçenko qətldə o vaxtkı prezident Leonid Kuçmanı ittiham edərək ortaya audiolent çıxarsa da, lentdəki səsin Kuçmaya məxsus olduğu təsdiqlənməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR