Bakı. Real Cəfərli - APA. Rusiya İrana “S-300 zenit-raket kompleksinin son versiyasını təhvil verməyə hazırdır. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə Rusiyanın “Kommersant” qəzeti yazıb.
Xəbərdə bildirilir ki, Rusiya İrana 5 ədəd “Antey-2500 S-300 VM” zenit-raket kompleksi göndərəcək. Ancaq bunun üçün ilkin şərt olaraq İranın müqaviləni yerinə yetirmədiyinə görə “Rosoboronexport”a qarşı qaldırdığı 4 milyard dollarlıq iddianı geri götürməsi istənilir. Məlumatda həmçinin qeyd olunur ki, Rusiya tərəfi İranın Buşəhr Atom-Elektrik Stansiyasında ikinci enerji blokunun inşasına da hazır olduğunu deyib.
Qeyd edək ki, İranla Rusiya arasında 2007-ci ildə “S-300” PMU-1 zenit-raket kompleksinin satışına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Rusiya İrana 800 milyon dollar qarşılığında 5 ədəd “S-300” PMU-1 zenit-raket kompleksi satmalı idi. Ancaq 2010-cu ilin iyununda BMT Təhlükəsizlik Şurasının İrana qarşı dördüncü sanksiya paketini qəbul etməsindən sonra Rusiya müqavilənin icrasını dayandırıb və noyabrın 7-də satışı tamamilə ləğv etdi. Bu səbəbdən İran Rusiyanı beynəlxalq məhkəməyə verərək 4 milyard dollara yaxın təzminat istəyir.