Bakı. Anaxanım Hidayətova-APA. Avropa Birliyi Şurasına sədrlik edən Litvanın xarici işlər naziri Linas Linkyaviçyusla Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş baş tutmayıb. APA-nın “Delfi”yə istinadən yaydığı məlumata görə, Linas Linkyaviçyus Ermənistanın xarici işlər naziri ilə görüşəcəyini dünən Vilnüsdə ümumi xarici siyasət və təhlükəsizlik siyasəti konfransında anons etmişdi. İki nazirin görüşü bu günə planlaşdırılsa da, Litva XİN görüşün baş tutmayacağını təsdiqləyib.
Xatırladaq ki, Ermənistan bu günlərdə Gömrük İttifaqına qoşulmaq barədə qərar qəbul edib. Linas Linkyaviçyus Ermənistan prezidentinin bununla bağlı bəyanatına sərt reaksiya verib: “”Əgər bu seçimi ediblərsə, deməli Avropa Birliyi ilə azad ticarət sazişi imzalamayacaqlar. Bununla da vəziyyət dəqiqləşir, AB ilə əməkdaşlıq və inteqrasiyaya dair ambisiyaların səviyyəsi aşağı düşür. Biz istənilən ölkənin seçiminə hörmətlə yanaşırıq, lakin bir ölkə müxtəlif tarif tələbləri olan iki saziş imzalaya bilməzlər”.