Moskva. Fərid Əkbərov – APA. Rusiya Mərkəzi Seçki Komissiyası Moskva meri vəzifəsinə keçirilən seçkilərin yekun nəticəsini açıqlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, yekun nəticəyə görə, prezident Vladimir Putinin dəstəklədiyi, “Vahid Rusiya” (Yedinaya Rossiya) partiyasının namizədi Sergey Sobyanin 51,37% səs toplayaraq qalib olub. İkinci yeri isə müxalif namizəd, blogger və biznesmen Aleksey Navalnı tutub. O, ümumi səslərin 27,24%-ni toplaya bilib.
Mərkəzi Seçki Komissiyasının sədr müavini Valemtin Qorbunov jurnalistlərə açıqlamasında yekun protokolun imzalandığını bildirib. Onun sözlərinə görə, yekun protokolda Sergey Sobyanin 51,37%, Aleksey Navalnı 27,24%, kommunist İvan Melnikov 10,69%, “Yabloko” partiyasının lideri Sergey Mtroxin 3,51%, liberal demokrat Mixail Deqtyaryov 2,86%, “Ədalətli Rusiya” partiyasının namizədi Nikolay Leviçev isə 2,79% səs toplayıb.