Bakı. Türbət Bağırova- APA. Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və digər 10 hərbçiyə qarşı irəli sürdüyü ittihamları əsassız hesab edir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.
”Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları yanlışlığın olmaması üçün gərək Rusiya tərəfini öncədən xəbərdar etməli idilər. Onları unutmayacaqları şəkildə qarşılayacağıq, səmimi söhbət edəcəyik”, - deyə o əlavə edib.
Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və digər 10 rusiyalı hərbçinin axtarışa verilməsi ilə bağlı açıqlama yayıb. Onlar Ukraynada hərbi münaqişənin hazırlanmasında ittiham edilirlər.