Bakı. Məlahət Nəcəfova - APA. Ukrayna Donbasda 100 mm kalibrdən aşağı silahları təmas xəttindən geri çəkməyə başlayıb.
APA-nın məlumatına görə, bu barədə Ukraynanın “112” kanalının efirində Antiterror Əməliyyatının rəsmi nümayəndəsi Anatoli Stelmax xəbər verib.
O bildirib ki, silah və texnika 15 kilometrlik məsafəyə çəkiləcək: “Bu proses 41 sutka davam edəcək. Həmin müddətdə dislokasiya ərazisinə T-64, T-72 tankları, habelə D-48 və D-44 tank əleyhinə silahlar yeridiləcək”.
Xatırladaq ki, 2 oktyabr tarixində Ukrayna prezidenti Pyotr Poroşenko Parisdə “Normandiya dördlüyü” ölkələrinin liderləri ilə danışıqların yekunu olaraq Ukraynanın 100 mm kalibrdən aşağı olan silahlıları təmas xəttindən geri çəkiləcəyinə söz verib.
Müvafiq razılığa əsasən, birinci mərhələ 15 gün, ikinci mərhələ isə 24 gün çəkməlidir. Sentyabrın 30-da Luqansk və Donetsk separatçıları həmin sazişə imza atıblar.