Bakı. Cavid Zeynalov – APA. Mədəniyyət və Turizm Nazirliyinin Prezident Kitabxanası və "AzərTAc"la birgə layihəsi əsasında tərtib olunan “Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, mədəniyyət sahəsində çalışan insanlar ölkə başçısının bu sahədə yeritdiyi siyasəti yüksək qiymətləndirir. O qeyd edib ki, bu kitabın nəşr olunması artıq ənənə halını alıb: “Biz hər beş ildən bir ölkə başçısı tərəfindən mədəniyyət işi haqqında verilən sərəncamların, qərarların və başqa tədbirlərin cəmindən ibarət yekunları kitab şəklində nəşr edirik. 2008-ci ildə qərara gəldik ki, 2003-2008-ci illərdə mədəniyyət sahəsində görülən işləri özündə əks etdirən toplu nəşr edək. Məlum oldu ki, cənab prezidentin mədəniyyət sahəsində gördüyü işlər digər sahələrə bərabərdir. Bu, o deməkdir ki, ölkə başçısı Azərbaycan mədəniyyətinə daim diqqət və qayğı göstərir”.
Millət vəkili Nizami Cəfərov “Prezident İlham Əliyev və mədəniyyət (2008-2013)” kitabının əhəmiyyətindən, mədəniyyət işçilərinə verəcəyi faydalardan danışıb.
"AzərTAc"ın baş redaktoru Yaşar Quluzadə, Teatr Xadimləri İttifaqının sədri, rejissor Azərpaşa Nemətov, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov və başqaları kitab haqqında fikirlərini bildiriblər.
Qeyd edək ki, iki cilddə tərtib olunan, ümumilikdə 951 səhifədən ibarət kitabda prezident İlham Əliyevin 5 illik fəaliyyəti dövründə Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri ilə görüşləri, söhbətləri, mədəniyyət məsələləri ilə bağlı nitqləri, çıxışları, səfərləri, müsahibələri, təbrikləri, bu sahəyə dair rəsmi materiallar, qanun, fərman və sərəncamlar toplanıb.