Bakı. Cavid Zeynalov – APA. Azərbaycan paytaxtında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq Mərkəzi yaradılacaq. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, prezidentin 2008-ci ildə elan etdiyi Mədəniyyətlərarası Dialoqa aid Bakı prosesi çərçivəsində 2008-2009-cu illərdə Azərbaycanda ilk dəfə Avropa və İslam ölkələrinin konfransları, 2011-ci ildə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 2013-cü ildə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilib.
Ümumdünya mədəniyyətlərarası dialoq forumları dünyada yeganə bu formatda tədbirdir ki, onun rəsmi tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, İSESCO və Avropa Şurasıdır.
Bakı prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qlobal əhəmiyyəti artdığı üçün ölkə rəhbərliyinin dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi yanında bu fəaliyyəti koordinasiya edən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq Mərkəzi təsis ediləcək.
Prezidentinin 27 may 2011-ci il fərmanı ilə Forumun koordinasiyasını həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi Mərkəzin işini təşkil edəcək və ona nəzarəti həyata keçirəcək.