Bakı. Cavid Zeynalov – APA. Mədəniyyət və Turizm Nazirliyində III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkilati işləri ilə bağlı iclas keçirilib. Nazirlikdən APA-ya verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, beynəlxalq tədbirdə Azərbaycandan 100-dən çox nəşriyyat və təşkilatın, həmçinin 20-dən artıq ölkədən poliqrafiya birliyi, nəşr evi və kitabxanaların iştirakı nəzərdə tutulub. III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ilk dəfə açıq havada təşkil olunacaq. Tədbirin pavilyon və stendləri Gənc Tamaşaçılar Teatrı ilə Opera və Balet Teatrının arasındakı məkanda qurulacaq. Kitab satışı və nümayişi üçün sahələr və bütün stend avadanlıqları iştirakçılara ödənişsiz veriləcək.
İclasda Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin təşkili şöbəsinin müdiri Vaqif Quliyev III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlığın gedişi barədə məlumat verib: “Naşir, poliqrafçı və kitabsevərlərin diqqətini çəkən bu tədbirin ən böyük üstünlüklərindən biri də bakubookfair.com saytının yaradılmasıdır. Sərgi-yarmarkanın saytı üç dildə fəaliyyət göstərir, saytda tədbirin iştirakçıları üçün “online qeydiyyat” imkanı da yaradılıb”.
Milli Kitabxananın direktoru Kərim Tahirov çıxışında Avropa Milli Kitabxanaları Konfransının (CENL) XXVII illik iclası və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının XV ümumi iclasına hazırlıq işlərindən danışıb, 65 ölkənin təmsil olunacağı tədbirin beynəlxalq əhəmiyyətini qeyd edib. Daha sonra III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının saytının (bakubookfair.com) ilkin təqdimatı keçirilib.