APA-nın məlumatına görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əblüfəs Qarayev, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi, mədəniyyət və incəsənət xadimləri Milli Musiqi Günü münasibətilə Fəxri Xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ü. Hacıbəylinin Azərbaycan musiqisinə verdiyi töhfələrdən danışıb, onun irsinin layiqincə qorunduğunu, gördüyü işlərin davam etdirildiyini bildirib: “Üzeyir bəyin adı, xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq. Bu gün V Beynəlxalq Musiqi Festivalı münasibətilə Azərbaycanın müxtəlif rayonlarında müxtəlif tədbirlər keçiriləcək, Üzeyir Hacıbəylinin xatirəsi yad ediləcək”.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Üzeyir Hacıbəylinin Azərbaycan bəstəkarlıq məktəbindəki rolundan danışıb. O qeyd edib ki, Üzeyir Hacıbəylinin doğum gününün musiqi bayramı kimi qeyd olunması musiqimizin böyük uğurudur: “Builki festivalın proqramı çox zəngindir. Dünyanın müxtəlif ölkələrindən musiqiçilər gəlib, onların çıxışları olacaq. Bu festival Üzeyir bəyin musiqisinin əzəmətini, böyüklüyünü göstərir”.
Azərbaycan Dövlət Filarmoniyasının xor kollektivi Üzeyir Hacıbəylinin əsərlərindən parçalar səsləndirib.
Sonda mərasim iştirakçıları Fəxri Xiyabanda dəfn olunan görkəmli musiqi xadimlərinin məzarları üstünə çiçək dəstləri düzüblər.