Bakıda mebel istehsalının genişləndirilməsi müzakirə edilib

Bakıda mebel istehsalının genişləndirilməsi müzakirə edilib
# 28 oktyabr 2016 13:42 (UTC +04:00)

Bu gün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Qeyri neft sənayesi sahələrinin inkişafı: mebel sənayesi" mövzusunda tədbir keçirilib.

"APA-Economics" xəbər verir ki, tədbirdə qeyri-neft sənayesinin müxtəlif sahələrində, o cümlədən mebel istehsalı sahəsində fəaliyyət göstərən müəssisələrin 60-dan çox nümayəndəsi iştirak edib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, son illərdə yüzlərlə müasir texnologiyalara əsaslanan sənaye müəssisəsi fəaliyyətə başlayıb, yeni rəqabətqabiliyyətli və ixracyönümlü sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, idxaldan asılılıq azalıb, ixrac potensialı yüksəlib, beləliklə sənaye yeni inkişaf mərhələsinə qədəm qoyub. Qeyri-neft sənayesinin ixrac potensialının artırılması məqsədilə dövlət tərəfindən mühüm dəstək mexanizmləri tətbiq olunur. O qeyd edib ki, dövlət başçısının "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında" 2016-cı il 18 yanvar tarixli fərmanı və müvafiq sahələr üzrə sərəncamları, qəbul edilmiş qərarlar qeyri-neft istehsalının artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Bütün bunlar yerli istehsalın daha da genişləndirilməsi üçün böyük imkanlar açır.

Tədbirdə idxal olunan komponentlərin yerli istehsalının təşkili ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, mebel istehsalında lazım olan bir sıra komponentlər xaricdən gətirilir. İdxal komponentlərinin azaldılması və yerli komplektləşdirici vasitələrdən istifadə olunması məqsədilə yerli mebel istehsalçıları ilə sənaye müəssisələri arasında əlaqələr genişləndirilməlidir.

Tədbirdə bir sıra mebel istehsalçıları məhsul istehsalının genişləndirilməsi, bu sahədə yerli komponentlərdən istifadə edilməsi imkanları barədə təkliflərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR