Bakıda Azərbaycan-Serbiya biznes forumu keçirilib - FOTOSESSİYA

Bakıda Azərbaycan-Serbiya biznes forumu keçirilib   - <span style="color: red;">FOTOSESSİYA
# 26 noyabr 2012 13:40 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda Azərbaycan-Serbiya biznes forumu keçirilib. «APA-Economics»in xəbər verdiyi kimi, forum Serbiyanın baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiyalar naziri Rasim Lyayiçin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərə çərçivəsində təşkil olunub.

Forumda çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ölkə iqtisadiyyatı barədə məlumat verib, iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın yüksək olduğunu bildirib və eyni zamanda əməkdaşlığın daha da gücləndirilməsi üçün geniş potensialın olduğunu bəyan edib. Həmçinin Ş.Mustafayev Azərbaycanın «AzVirt» şirkəti tərəfindən Azərbaycan hökumətinin Serbiyaya təqdim etdiyi kredit hesabına aparılan yol tikintisində iştirak etdiyini xatırladıb.

R.Lyayiç ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bəyan edib və əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Forumda təqdimatla çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov ölkədəki investisiya mühiti, makroiqtisadi göstəricilər, ayrı-ayrı sahələrin inkişafı və potensial, ölkədə biznes-imkanları barədə ətraflı məlumat verib. Forumda həmçinin çıxış edən Serbiya Ticarət və Sənaye Palatasının prezidenti Miloş Buqarin Serbiya iqtisadiyyatı barədə məlumat verib.

Qeyd edək ki, forumda Serbiyanın kənd təsərrüfatı, qida sənayesi, turizm, tibb, tikinti, avtomobil daşımaları və s. sahələrdə fəaliyyət göstərən 27 şirkətin nümayəndələri iştirak ediblər.

Biznes forum çərçivəsində Azpromo ilə Serbiya Ticarət və Sənaye Palatası arasında, həmçinin Azərbaycan Ticarət və Sənaye Palatası ilə Serbiya Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.

Qeyjd edək ki, noyabrın 27-də Bakıda Azərbaycan-Serbiya ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının II iclası keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR