Audiovizual Şura təşviqat dövründə monitorinqlər həyata keçirəcək

Audiovizual Şura təşviqat dövründə monitorinqlər həyata keçirəcək
# 11 yanvar 2024 11:32 (UTC +04:00)

Audiovizual Şura audiovizual media sahəsində tənzimləməni həyata keçirən dövlət orqanı olaraq seçkiqabağı təşviqat dövründə də monitorinqlər həyata keçirir.

APA xəbər verir ki, bunu bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin prezident seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə Audiovizual Şuranın sədri İsmət Səttarov deyib.

İsmət Səttarov qeyd edib ki, seçkiqabağı təşviqatda ən böyük məsuliyyət ictimai yayımçının üzərinə düşür: “Dövlət büdcəsindən maliyyələşən yayımçıların hamısı ictimai yayımçı funksiyası daşısa da, məhz seçkiqabağı təşviqat qanunla ictimai yayımçı kimi tanınan İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həyata keçirilməlidir. Dövlətə məxsus olan yayımçılar vasitəsilə seçkiqabağı təşviqat aparılmır. Seçki Məcəlləsinin 77.1-ci maddəsinə əsasən ictimai yayımçı qeydə alınmış namizədlərə dövlət hakimiyyəti orqanlarının ayırdığı vəsait hesabına bərabər şərait yaradır. Prezidentliyə namizədlərin ictimai yayımçının efirində pulsuz efir vaxtı almaq hüququ var. Seçkiqabağı təşviqat üçün ayrılan pulsuz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır. Təqdim edilən pulsuz efir vaxtı qeydə alınmış namizədlər arasında bərabər şərtlərlə və bərabər həcmdə bölünür. Pulsuz efir vaxtı daha geniş auditoriyanın baxması mümkün olan vaxtda ayrılmalıdır. Seçkiqabağı materialların efirə çıxma vaxtı və tarixi müvafiq seçki komissiyasının yayımçının nümayəndələrinin iştirakı ilə keçirilən püşkatma ilə müəyyənləşdirilir. Püşkatmanın keçirilməsinin yeri və vaxtı haqqında məlumat rəsmi dərc edilir. İctimai yayımçı seçkiqabağı təşviqatı ödənişli əsaslarla aparmaq üçün ehtiyatda əlavə efir vaxtı saxlamalıdır. Bütün qeydə alınmış namizədlər üçün ödəniş həcmi və şərtləri eyni olmalı və seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən başlayaraq ən geci 30 gün ərzində bu barədə müvafiq məlumat dərc edilməlidir. İctimai yayımçının ödənişli istifadəyə təqdim edəcəyi ehtiyatda olan efir vaxtının ümumi həcmi Seçki Məcəlləsinin 80.5-ci maddəsinə uyğun olaraq ayrılan pulsuz efir vaxtının (3 saat) ümumi həcmindən az və həmin həcmdən iki dəfədən artıq ola bilməz. Qeydə alınmış hər bir namizəd üçün ehtiyatda saxlanmış efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin qeydə alınmış namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Yəni, misal olaraq, ümumi olaraq 3,5 saat (210 dəqiqə) ödənişli efir vaxtı ayrılbsa və ümumi 7 namizəd varsa, hər namizəd ödənişli olaraq 30 dəqiqədən istifadə edə bilər. Özəl yayımçılar isə bu məsələdə sərbəstdirlər və seçkiqabağı ödənişli təşviqat prosesində iştirak etmək istəklərini MSK-ya bildirməlidirlər. Onlar seçkiqabağı təbliğatla bağlı materialların yayımlanmasına məcbur edilə bilməzlər. Bu cür materiallar özəl yayımçıda yayımlanırsa, yayım şərtləri bütün namizədlər üçün eyni olmalıdır. Televiziya və radio kanallarında seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin bütün tələblərinə əməl olunmasını da Şura daim nəzarətdə saxlayır”.

Audiovizual Şuranın sədri vurğulayıb ki, Məcəllə ilə müəyyənləşdirilmiş seçkiqabağı təşviqatın aparılması qaydalarının pozulması halında, MSK-nın müəyyən etdiyi qaydada jurnalistlərdən ibarət yaradılmış mətbuat (media) qrupunun təşəbbüsü ilə MSK qanunsuz təşviqat fəaliyyətinin qarşısının alınması və audiovizual yayımçıların, onların vəzifəli şəxslərinin qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyətə cəlb edilməsi barədə təqdimatla hüquq mühafizə orqanlarına, məhkəməyə və Audiovizual Şuraya müraciət etmək hüququna malikdir: “Bu sahədə qanunvericiliklə üzərimizə qoyulan tapşırıqları səlahiyyətlərimiz çərçivəsində yerinə yetirməyə, ölkəmizin ictimai-siyasi həyatında mühüm tədbir olan Prezident seçkilərini yüksək səviyyədə keçirməyə hazırlığımızı bildirmək istərdim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR