İran Seçki Məcəlləsinə əlavə və dəyişiklərlə bağlı qanun layihəsinin müzakirəsi narazılığa səbəb olub

İran Seçki Məcəlləsinə əlavə və dəyişiklərlə bağlı qanun layihəsinin müzakirəsi narazılığa səbəb olub
# 22 noyabr 2012 01:15 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran parlamentində ölkənin prezident seçkiləri ilə bağlı qanununa əlavə və dəyişiklər edilməsi layihəsinin müzakirəsinə başlanıb. APA-nın məlumatına görə, layihədə İran prezidentliyinə namizədin yaşının 45-dən az, 75-dən çox olmaması, ən azı magistr dərəcəsinə malik olması, yaxud bu dərəcə ənənəvi ali islam məktəblərinin dərəcəsinə ekvivalent olması təklif olunur. Eyni zamanda prezident olmaq istəyən şəxsin namizədliyini 25 dini xadim (onlar namizədin dindar müsəlman olduğunu təsdiqləyəcəklər) və 100 deputatın yazılı məktubla dəstəkləməsi lazımdır. Ancaq bu addım ölkə daxilində narazılığa səbəb olub. Belə ki, İranın Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndələri buna etiraz olaraq parlament binasının qarşısında toplaşıblar. Onlar mətbuat konfransı keçirməyə cəhd göstərsə də, ancaq İran polisi buna imkan verməyib. Təşkilat hesab edir ki, prezident seçkiləri ilə bağlı qanununa əlavə və dəyişiklər edilməsi namizədləri siyasətçi və deputatlardan asılı vəziyyətə salacaq: “Bu addım İran parlamentinin sədri Əli Laricaninin yürütdüyü siyasətin nəticəsidir. Ancaq qanuna bu cür əlavə və dəyişikliklər prezidentliyə namizədliyini irəli sürmək istəyən şəxslərin yüzlərlə dini və siyasi xadimin razılığını almağa məcbur qoyacaq. Bu da prezidenti onlardan asılı vəziyyətə salacaq”.

Qeyd edək ki, İranda prezident seçkisi 2013-cü il iyunun 14-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR