Azərbaycan elektron qaimə-fakturanın tətbiqinə başlayır

Azərbaycan elektron qaimə-fakturanın tətbiqinə başlayır
# 18 dekabr 2012 07:02 (UTC +04:00)

Bu yenilik nəticəsində vergi ödəyiciləri heç bir mətbəə xərci çəkmədən və ənənəvi kağız qaimə-fakturadan imtina etməklə onun elektron analoqundan istifadə edəcəklər.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları və bunların təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin müvafiq qərar layihəsi hazırlanıb. «Bu, Azərbaycan prezidentinin «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» 2011-ci il 23 may tarixli fərmanına əsasən modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması sahəsində görülən işlərin davamı olaraq əhaliyə elektron xidmətlərin göstərilməsi məqsədi daşıyır», - deyə məlumatda bildirilir.

Elektron qaimə-fakturanın tətbiqinin əsas üstünlüyü onun Vergilər Nazirliyinin rəsmi internet saytının İnternet Vergi İdarəsində yaradılmış elektron qaimə-faktura sistemində hazırlanmasından ibarətdir. Belə ki, layihəyə əsasən, elektron qaimə-fakturalara seriya və nömrələrin Vergilər Nazirliyində tətbiq edilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə avtomatik verilməsi eyni seriya və nömrənin təkrarlanmasının qarşısını alır və ümumiyyətlə elektron qaimə-fakturaların uçotunun aparılmasını asanlaşdırır.

Elektron qaimə-fakturanın tətbiqinin digər bir üstünlüyü isə qaimə-fakturaların mətbəələrdə sifariş edilməsi və hazırlanması ilə əlaqədar olaraq mətbəə xərclərinin və vaxt itkisinin azaldılmasından ibarətdir.

Yeni elektron qaimə-fakturanın tətbiqi ilə əlaqədar olaraq Vergilər Nazirliyi tərəfindən nazirliyin rəsmi internet səhifəsində (http://www.taxes.gov.az) və sosial şəbəkədəki səhifəsində (https://www.facebook.com/vergiler) «Elektron qaimə-fakturanın tətbiqinə başlanmasına razısınızmı?» adlı sorğu da yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR